BMT rəsmiləri bildiriblər ki, Serbiyanın Kosovo vilayətinin gələcək statusu ilə bağlı plana dair danışıqların növbəti raundu bir həftə gec başlayaraq fevralın 21-i keçiriləcək. Danışıqlarda BMT-nin əsas vasitəçisi Martti Ahtisaarinin müavini bu açıqlamanı bu gün Kosovonun paytaxtı Priştinada verib. BMT-nin Kosovoya dair planı ilə bağlı danışıqlar Serbiyada parlament seçkilərindən sonra yeni hökumətin təşkilinə imkan yaratmaq məqsədilə təxirə salınmışdı. Martti Ahtisaari martın sonunda BMT-nin Təhlükəsizlik Şurasına planın təqdim olunmasından öncə Serbiya və Kosovo nümayəndələrini danışıqların daha bir raundunu keçirməyə çağırıb.