Accessibility links

Nyu York moda biznesindən ildə 3 milyard dollar qazanır


Geyim üzrə mütəxəssis Alan Silav öz şirkətinin qadınlar üçün payız geyim seriyasının rəngləri və üslubu üzərində gərgin işləyir. Viktoriya Royal şirkətini 50 il bundan Əvvəl Silavın atası yaradıb. İndi o, qardaşı ilə birgə şirkəti idarə edir.

Teleulduz Vanna Uaytdan tutmuş keçmiş birinci ledi və senator Hillari Klintona qədər bir çox məşhurları geyimlə təchiz edən bu şirkətin əsas işi əslində univermaq və butiklərdə satılan geyimlərin istehsalıdır.

Nyu Yorkun moda sənayesində böyük uğur qazanmış Viktoriya Royal bu məqsədə Moda həftəsində məhsulunu nümayiş etdirmədən də çata bilir.

Alan Silav deyir ki, onların strategiyası fərqlidir. Moda şoularında iştirak çox baha başa gəlir. Buna görə də, Alan Silavın sözlərinə görə, şirkət enerjisini, reklam və marketinq qüvvəsini şoulara deyil, digər istiqamətlərə yönəldir.

Barbara Bleyr Randell Nyu York Sitidəki Moda Mərkəzinin direktorudur. O deyir ki, moda şoularında ilk cərgələri topdan alıcılar deyil, məşhurlar və Manhettenin nüfuzlu sakinləri tutur. Burda əsas görmək yox, özünü göstərməkdir: "Bu bütünlüklə görüntü üçündür. Məndən soruşsanız, deməliyəm ki, bu şouları məşhurlar idarə edir".

Silav məşhurların idarə etdiyi Moda həftəsində geyimlərini nümayiş etdirməsə də, bu tədbirlərin modaya artırdığı həvəsi alqışlayır. Onun sözlərinə görə, moda mətbuatının Nyu Yorka axışması burdakı bütün istehsalçılara kömək edir.

Geyim sənayesi Nyu York büdcəsinə 3 milyard dollardan artıq gəlir gətirir. Viktoriya Royalda 60 mindən artıq adam işlə təmin olunub.

Alan Silav diqqətini məşhurlara deyil kütləvi alıcıya yönəltmiş yeganə geyim istehsalçısı deyil. Onun sözlərinə görə, Viktortiya Royal eyni üslubda geyim istehsal edən ona qədər digər şirkətlə rəqabətdədir. Onlardan çoxu dizayn etdikləri geyimi birbaşa alıcıya çatdırır.

Silavın sözlərinə görə onun şirkətinin üstünlüyü artıq tanınmış ada sahib olmasıdır. Lakin onlar gərgin rəqabətdə irəli çıxmaq üçün gərgin işləməlidirlər.

Viktoriya Royalın dizayneri Meri Beys də "hər günün öz hökmü var" deyənlərdəndir. O, Oskar de la Renta və ya Donna Karan kimi məşhur olmaya bilər amma o, karyerası inkişafda olan dizaynerdir. Onun adı altında çıxan Meri Beys kolleksiyası Birləşmiş Ştatların hər yerində univermaq və butiklərdə alıcılara minlərlə geyim növü təklif edir. O deyir ki, Moda Həftəsi qadınların zövqünün və alıcı strategiyasının müəyyənləşməsində ciddi rol oynayır. Çünki Moda həftəsi geyim tendensiyalarına ciddi təsir göstərir.

Moda həftəsinin diqtə etdiyi tendensiyalar bütün dünyada hakim olur və Barbara Bleyr Rendelin fikrincə, təkcə insanların necə göründüyünü deyil, əhvalını da dəyişir. İldən ilə dəyişən zövqlər şıq geyim istehsalçılarından tutmuş Viktoriya Royal kimi gündəlik geyim istehsalçılarına qədər Nyu Yorkun moda sənayesində də hər şeyi dəyişir.

XS
SM
MD
LG