Accessibility links

"Iran Azərbaycanına Pəncərə" proqramının həftəlik xəbərlər icmalı


Abbas Lisaninin daha bir məhkəməsi keçiriləcək
Həbslər və təzyiqlər davam edir
Bakıda İran səfirliyi qarşısında piket cəhdi
Vaşinqtonda Güney Azərbaycana dəstək piketi
Azərbaycanca kitab satan dükanın sahibini hədələyirlər
İranda azərbaycanlı fəallara yeni işgəncə növü tətbiq olunur


Abbas Lisaninin daha bir məhkəməsi keçiriləcək

Abbas Lisaninin 2005-ci ildə Babək qalasına yürüşdə iştirakı ilə bağlı iş üzrə Apellyasiya iclası fevralın 21 də Təbriz İnqilab Məhkəməsində keçiriləcək. Bu barədə Amerikanın səsinə Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının rəhbəri, Kanadalı hüquq müdafiəçisi Faxtə Zamani məlumat verib.

Sözügedən iş üzrə Kəleybər məhkəməsinin verdiyi qərara görə, Abbas Lisani bir il həbsə məhkum olunmuşdu.

Kəleybər məhkəməsində keçirilən dinləmələrdə Abbas Lisanini hüquq müdafiəçisi Saleh Kamrani təmsil edirdi. May hadisələrindən sonra həbs olunaraq vəkillik lisenziyası xətm olunmuş Saleh Kamraninin apellyasiya dinləmələrində iştirakı mümkün olmadığından cənab Lisanini kimin təmsil edəcəyi bəlli deyil.

Ərdəbil həbsxanasında saxlanılan Abbas Lisaninin qısa müddətli tərxis hüququ hələ də pozulur. Bundan əlavə, onun xanımı Ruqəyya Lisaniyə təzyiqlər davam edir və onu daim həbslə hədələyirlər.

Babək qalasına yürüşlə bağlı daha bir fəalın işi üzrə də Təbriz İnqilab Məhkəməsinin iclası fevralın 21-də keçiriləcək. Xoylu fəal İbrahim Cəfərzadə həbsindən sonra bir neçə həftə Əhər zindanında saxllanılmış və vəsiqə zəmanəti ilə azadlığa buraxılmışdı.

Güney Azərbaycanlı fəallar Ana dili gününü etiraz yürüşləri ilə qeyd edəcək

Təbriz İnqilab Məhkəməsində Babək qalasına yürüşlə bağlı dinləmələrin keçirildiyi gün Təbriz, Urmiyə, Ərdəbil və digər şəhərlərdə ümumdünya ana dili günü münasibətilə aksiyaların keçirilməsi planlaşdırılır. Təbriz və Urmiyədə paylanan vərəqələrdə aksiyanın çərşənbə günü saat 4-də keçiriləcəyi elan edilir. Eyni məzmunlu vərəqələr rəsmi adı Miyandob olan Qoşaçayda və Şəbüstərdə də paylanıb. Azərbaycanlı siyasi Məhbusaları Müdafiə Komitəsi ASMEK-in verdiyi məlumata görə, Şəbüstər şəhərində 3 tələbə - Behzad Xurşidzadə, Pərviz Sultani və Qəhrəman Sultani vərəqə payladıqlarına görə həbs olunublar.

Həbslər və təzyiqlər davam edir

Fevralın 14-də ETTELAAT-ın Əhər şəhər şöbəsi 100-ə yaxın tanınmış milli fəalın evinə zəng edərək onları ETTELAAT-a çağırıb. Mediaforum bildirir ki, ETELLAAT-ın yerli şöbəsində milli fəallara bildiriblər ki, heç kəs fevralın 16-dan sonra Əhərdən Təbrizə və ya Ərdəbilə gedə bilməz. Milli fəallardan fevralın 21-də, Beynəlxalq Ana Dili günündə evdə oturacaqları və ana dili günü keçiriləcək tədbirlərdə iştirak etməyəcəkləri barədə yazılı izahat alınıb. Məlumatda o da bildirilir ki, izahat yazmaqdan imtina edən bir qrup fəal, o cümlədən Saleh Molla Abbasi həbs ediliblər. Tutulanların taleyi ilə bağlı hələlik heç bir məlumat yoxdur. Hüquq müdafiəçiləri Saleh Molla Abbasinin həbsi xəbərini hələ təsdiqləməyiblər.

Abbas Lisaninin həbsinə etiraz etdiyi üçün Ettelaat tərəfindən saxlandığı bildirilən Təbrizli fəal Həsən Əsədinin taleyi naməlum olaraq qalır. Fevralın əvəlindən həbs olunan fəalın harada saxlandığı barədə dəqiq məlumat yoxdur.

Bakıda İran səfirliyi qarşısında piket cəhdi

Bu arada Bakıda milli İstiqlal partiyasının bir qrup üzvü İran səfirliyi qarşısında Abbas Lisaninin həbsinə etiraz və Güney Azərbaycanda ana dilində təhsil tələbi ilə aksiya keçirməyə cəhd göstərib. Polis 20-yə yaxın aksiya iştirakçısının qarşısını kəsərək onların səfirliyə yaxınlaşmasına imkan verməyib. Aksiyaçılar tələblərini səfirlikdən bir qədər aralıda səsləndirməyə nail olublar.

Vaşinqtonda Güney Azərbaycana dəstək piketi

İranda 21 fevral ana dili günü ilə bağlı etirazlardan 2 gün sonra fevralın 23-də ABŞ paytaxtı Vaşinqtonda yaşayan Azərbaycan icması ABŞ döbvlət Departamentinin qarşısında Güney Azərbaycanlılarla həmrəylik piketi keçirməyi planlaşdırır. Xatırladaq ki, Birləşmiş Ştatlarda yaşayan təqribən 400 minə yaxın azərbaycanlının əksəriyyətini İrandan gəlmiş mühacirlər təşkil edir. Aksiyanın təşkilatçısı Rəhim Şahbazinin servisimizə verdiyi məlumata görə, onların tələblərindən biri də ABŞ hökumətinin maliyyələşdirdiyi İrana yayımın bir hissəsinin Azərbaycan türkcəsində olmasıdır.

Azərbaycanca kitab satan dükanın sahibini hədələyirlər

ASMEK sözçüsü Əlirza Quluncunun verdiyi məlumata görə, Təbrizdə Zeynəb Paşa adlı kitab satış mərkəzinin rəhbərliyinə təhdid olunaraq, hətta rəsmən, İrşad nazirliyinin təsdiqlədiyi kitabların satışını da dayandırması tələb olunub.

İranda azərbaycanlı fəallara yeni işgəncə növü tətbiq olunur

ASMEK sözçüsü həmçinin Qum şəhərində həbslərin davam etdiyini bildirib. Cənab Quluncu deyib ki, fevralın 12-də həbs olunan Mehdi Movlayi ve Cefer Abidi fevralın 16-da azadlığa buraxilsalar da Ibrahim Kazimi hele azad edilməyib. Azadlığa buraxılanlar Ettelaat məmurları tərəfindən işgəncəyə məruz qaldıqlarını bildiriblər: Onlara zorla mədələrini bulandıran içkilər içirilib.

XS
SM
MD
LG