Accessibility links

ABŞ İranda Azərbaycanlılara təzyiqləri pisləyir


Amerikanın səsinin İrandakı Azərbaycan icmasının üzvlərinin dil hüquqlarını tələb etdiyinə görə həbsə atıldığı barədə sualına cavab verən Dövlət Departamentinin sözçüsü Tom Keysi bildirib ki, bu məlumatların detalları öyrəniləcək.

O, həmçinin xatırladıb ki Dövlət Departamenti bir qədər öncə İran hökumətinin dissidentləri və fəalları, o cümlədən də azərbaycanlı dissidentləri həbsə atmasının və təqib etməsinin əleyhinə çıxış etmişdi:

“Əlbəttə ki, biz hesab edirik ki, İran hökuməti insanların öz fikrini ifadə etmək və bu məsələləri qaldırmaq cəhdlərini repressiyaya məruz qoymaqdansa, onların ümumi söz azadlığı hüququndan istifadə etməsinə icazə versə daha məqsədəuyğun olardı,” - deyə Tom Keysi bildirib.

Bu bəyanatdan bir gün sonra fevralın 22-də Dövlət Departamenti yazılı açıqlamasında İranın azərbaycanlılar, kürdlər və ərəblər daxil olmaqla, etnik azlıqlara qarşı repressiyaları davam etdirməsindən narahatlığını bir daha ifadə edib.

Dövlət Departamenti bildirib ki, İrandakı repressiyalar tələbələr, qadınlar, həmkarlar ittifaqları, jurnalistlər və alimləri hədəf alır.

Dövlət Departamentinin bəyanatında deyilir ki, Tehran Azərbaycan dilinin məktəblərdə tədrisini qadağan edib, azərbaycanlı fəalları təqiblərə məruz qoyur və mədəni və linqvistik haqlarını tələb edən azərbaycanlıları ədalətsiz şəkildə həbs edir.

Dövlət Departamenti ABŞ-ın İrana vətəndaşlarının hüquqlarını pozmasına son qoyması və həbs olunanların azadlığa buraxılması ilə bağlı çağırşıını təkrar edib.

Xatırladaq ki, fevralın 21-də İran Azərbaycanının müxtəlif şəhərlərində ana dilində təhsil tələbi ilə keçirilən mitinqlərdən əvvəl və sonra kütləvi həbslər yer alıb.

XS
SM
MD
LG