Birləşmiş Millətlərin atom enerjisinə nəzarət agentliyi Tehranın BMT Təhlükəsizlik Şurasının uranın zənginləşdirilməsinə son qoymaq tələbini yerinə yetirmədiyini bəyan edib.
Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramı barədə yeni hesabatını bu gün açıqlayıb. Hesabat BMT Təhlükəsizlik Şurasının İrana qarşı əlavə sanksiyalar elan etməsinə yol aça bilər.
Hesabatda İranın Natanzdakı nüvə zavodunda iki sentrifuqa şəbəkəsi quraşdırdığı bildirilsə də, sənəddə bu sentrifuqalara qaz vurulmadığı da qeyd edilir.
Təhlükəsizlik Şurası münaqişəli nüvə proqramını ləğv etməsi üçün Dekabrın 23-ündən başlamaqla İrana 60 gün vaxt verib.
İran rəsmiləri Tehranın nüvə məsələsinin həlli üçün danışıqlara hazır olduğunu bildirməklə yanaşı İranın nüvə texnoloqiyası əldə etmək məqsədindən əl çəkməyəcəyini deyiblər.
ABŞ Dövlət Departamentinin sözçüsü Tom Keysi bildirib ki, İran Təhlükəsizlik Şurasının tələbini yerinə yetirməməklə imkanı əldən verib.
İranın nüvə proqramının rəhbəri Məhəmməd Səidi isə deyib ki, İran uranın zənginləşdirilməsi proqramından əl çəkməyəcək, çünki bu, imzalanmış beynəlxalq müqavilələrlə Tehrana verilən hüquqların pozulması sayıla bilər.