Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti insan haqlarının vəziyyətinə dair 2006-cı il üçün hesabatını Birləşmiş Ştatların özünün bu sahədə göstəricilərinin tənqidlərə tuş gəldiyi bir məqamda açıqlayıb.
Dövlət katibi Kondoliza Rays və onun yardımçısı Barri Lovenkron tərəfindən təqdim edilən hesabatın giriş hissəsində Birləşmiş Ştatların bu tənqidlərə hörmətlə yanaşdığı və bu sahədə irəliləyiş əldə edilməsi istiqamətində çalışdığı qeyd edilir.
Hesabatın maraq doğuran hissələrindən biri İranda insan hüquqlarına dair vəziyyətlə bağlıdır.
Kanadalı hüquq müdafiəçisi, Azərbaycanlı siyasi məhbusları müdafiə assosiasiyasının direktoru Faxtə Zamani bu ilki hesabatın İranda azərbaycanlılara qarşı basqıları daha çox əks etdirdiyini deyir:
“Amerika Dövlət Departamentinin bu il insan hüquqlarının vəziyyətinə dair hesabatında İranda Azərbaycanlıların hüquqlarının pozulması hallarına geniş yer ayrılıb. Ötən ilki hesabatla müqayisə eləsək deyə bilərik ki, bu ilki sənəddə azərbaycanlıların ana dili hüququnun pozulması, siyasi həbslər və təqiblər məsələsinə daha geniş yer ayrılıb. Bunun səbəbi nədir? Bir tərəfdən, İranda azərbaycanlıların 2006-cı ildə öz hüquqları uğrunda mübarizəni gücləndirməsi, digər tərəfdən, beynəlxalq hüquq müdafiə təşkilatları azərbaycanlı siyasi məhbusların məsələlərinə ötən il ərzində daha çox diqqət ayırıblar.”
Faxtə Zamaninin sözlərinə görə, İranda azərbaycanlılar ən adi hüquqlarından məhrumdurlar. Öz dillərində təhsil ala bilmir, belə tələblərlə çıxış etdikdə isə həbsə və təzyiqlərə məruz qalırlar. Xanım Zamani deyir ki, təzyiqlərə baxmayaraq azərbaycanlıların İranda öz haqları uğrunda mədəni mübarizəsi davam edir. Hesabatda bir neçə azərbaycanlı fəalın adı çəkilir. Onlardan biri Ərdəbildə azərbaycanlı fəalların lideri Abbas Lisanidir. Faxtə Zamani:
“Hesabatda adı keçən Ərdəbilli hərəkat lideri Abbas Lisaninin məhkəməsi zamanı farsca danışmaqdan imtina etməsinə görə ona daha ağır cəza verilib. Abbas Lisani İranın heç bir qanununu pozmayıb həbs olunub”.
Dövlət Departamentinin diqqətini cəlb edən digər fəal azərbaycanlı siyasi məhbusları müdafiə etdiyi üçün həbsə atılan vəkil Saleh Kamranidir. Faxtə Zamani deyir ki, Saleh Kamrani insan haqları müdafiəçisidir və onu ana dilində təhsil və başqa mədəni haqlarını tələb edənləri müdafiə etməsinə görə həbs etmişdilər. Kamraninin ötən ilin May hadisələrindən sonra qanunsuz həbsi barədə Dövlət Departamentinin hesabatında məlumat verilir.
Maraqlıdır ki, İran rejiminin basqılarına məruz qalanlar arasında şiə din xadimləri də var. Höccətülislam Əzimiqədim kimi. Xanım Zamani deyir ki, milli hüquqlarının bərpasını tələb edən ruhanilər basqılara məruz qalır: “Höccətülislam Əzimiqədim ruhani məhkəməsinin ədalətsiz qərarı əsasında milli fəaliyyətinə görə aylarla həbsdə olub.”
Faxtə Zamani bildirir ki, İran rejimi 2007-ci ili də azərbaycanlıların kütləvi həbs dalğası ilə başlayıb:
“21 fevral Beynəlxalq Ana dili günü nümayişlərindən əvvəl və sonra həbs olunan yazlərlə fəalın bir qismi zəmanətlə azadlığa buraxılıb. Lakin məhkəmə qərarından sonra onları yenidən zindana qaytara bilərlər”
Qeyd edək ki, İran hökuməti azərbaycanlıların və digər qeyri-fars millətlərin Birləşmiş Ştatlar və İsrail tərəfindən qızışdırılaraq rejim əleyhinə mübarizəyə sövq edildiyini iddia edir. İran prezidenti və ali ruhani lideri ölkədə azərbaycanlıların milli hüquqlarının pozulmadığını dəfələrlə bəyan ediblər. Bu iddiaların və bəyanatların əsassız olduğunu deyən xanım Zamaninin sözlərinə görə, İran hökuməti ölkədəki millətlərlə sülh içində yaşamaq istəyirsə, ilk növbədə onlara qarşı ayrı-seçkilik siyasətinə və siyasi həbslərə son qoymalıdır.