Pakistanın yerli rəsmiləri və sakinlər bildirirlər ki, ölkənin Şimal-Qərbində Əfqanıstanla həmsərhəd Vəziristan bölgəsinin başlıca şəhəri Vana yaxınlığında yerli tayfa döyüçülərilə Əl-Qaida terror şəbəkəsinə bağlı Özbək yaraqlıları arasında üç gündən bəri davam edən atışmalarda çoxu özbək yaraqlısı olmaqla 100-dən artıq çox adam öldürülüb.
Pakistan hökumətinin ərazini əcnəbi yaraqlılardan təmizləmək səylərini dəstəkləyən tayfa döyüşçüləri və Özbək yaraqlıları bir-birini qumbara və raket atəşinə tutublar. Pakistan təhlükəsizlik qüvvələrinin rəsmiləri və bölgənin sakinləri Özbək yaraqlılarının sözçüsünün döyüşlərdə Pakistan hərbi qüvvələrinin iştirakı barədə iddiasını təkzib ediblər. Rəsmilər bildirilər ki, bu döyüşlər yerli tayfa üzvlərinin Prezident Müşərrəfin bölgəni əcnəbi yaraqlılardan təmizləmək siyasətini dəstəklədiklərini nümayiş etdirir.
Daxili İşlər Naziri Aftab Şerpao deyib: “Bu hökumətin həyata keçirdiyi siyasətin nailiyyətidir. Hökumət regiondakı əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirir, bu da yerli əhalinin əcnəbi yaraqlılara qarşı çıxmasına səbəb olub".
Vuruşmalar hökumətin tərəfinə keçən keçmiş Taliban komandiri Molla Nazirin bazar ertəsi Özbək yaraqlılarının komandiri Tahir Yoldaşovu tərksilaha çağırmasından sonra baş verib.
Rəsmilər deyirlər ki, Əl-Qaida lideri Osama bin Ladenin yaxın silahdaşı Yuldaşov Özbəkistan islam hərəkatının lideridir. O, Daşkənddə bomba partlayışlarında əli olmaqda günahlandırılaraq, qiyabi edama məhkum olunub.
Təhlükəsizlik qüvvələrinin rəsmisi bildirib ki, üç gün davam edən vuruşmalarda 68 özbək yaraqlısı və onları dəstəkləyən 4 uşaq da daxil olmaqla Molla Nazirin 28 himayəçisi öldürülüb.
Rəsmilər həmçinin deyirlər ki, Tayfa Şurasına başçılıq edən və talibanpərəst İslam partiyasının lideri Molla tərəflər arasında atəşkəsə nail olmaq məqsədilə Vana şəhərinə gedib. Bu atışmalar iki həftə öncə bağlanmış atəşkəsi pozub. İki həftə əvvəl Özbək yaraqlıları ilə Əzəm Varsak tayfasının döyüşçüləri arasında baş verən atışmalarda 19 nəfər həlak olmuşdu.