BMT Təhlükəsizlik Şurası bu gün nüvə proqramını dayandırmaqdan imtina edən İrana qarşı sanksiyaları nəzərdə tutan qətnamə üzrə səsvermə keçirib. Sanksiyalar yekdilliklə qəbul edilib.
Yeni qətnamə Dekabrdan qüvvədə olan sanksiyaların əsasında qəbul olunub. Qətnamədə İran uranın zənginləşdirilməsi proqramına son qoymağa çağırılır, İranla silah alqı-satqısı əməliyyatları qadağan edilir, nüvə silahlarına aidiyyatı olmaqda şübhəli bilinən 28 İran vətəndaş və təşkilatının vəsaitlərinin dondurulmasını nəzərdə tutur. ABŞ rəsmilərinin sözlərinə görə, qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – Britaniya, Çin, Fransa, Rusiya və ABŞ üstəgəl Almaniyanın razılaşdırdığı əsas elementlər üzərində qurulub.
Öncədən Mahmud Əhmədinejadın Təhlükəsizlik Şurasında çıxış etmək üçün Nyu Yorka gəlməsi gözlənilsə də, Mahmud Əhmədinejad səfərini ləğv edib.