Accessibility links

İran Britaniya  hərbi dənizçilərini azadlığa buraxacaq


İranın prezidenti Mahmud Əhmədinəcad bildirib ki, iki həftə əvvəl saxlanılan 15 Britaniya hərbi dənizçisini əfv edib və onları azadlığa buraxacaq. O Tehranda təşkil etdiyi mətbuat konfransında deyib ki, hərbi dənizçiləri Britaniya xalqına hədiyyə olaraq əfv edib. İran televiziyası daha sonra onun Britaniyalı dənizçilərlə söhbətinin videolentini göstərib. İran rəsmiləri hərbi dənizçilərin sabah vətənlərinə yola düşəcəklərini bildiriblər.

Britaniyanın Baş Naziri Toni Blair Londrada məsələylə əlaqədar olaraq müxbirlərə deyib ki, Britaniya İran xalqına qarşı kin bəsləmir və İran hökumətilə məsələləri dinc yolla danışıqlar vasitəsiylə həll etmək istəyir. Toni Blair deyib ki, Britaniya hökuməti böhrana ehtiyyatla yanaşıb, sövdələşməyə getməyib ancaq İranla qarşıdurmaya da gətirib çıxartmayıb. İranın prezidenti deyib ki, Britaniya öz hərbçilərinin gələcəkdə İranın ərazi sularına daxil olmayacağı barədə söz verib. ABŞ prezidenti Corc Buş əsgərlərin azadlığa buraxılacaqları xəbərini məmnunluq hissiylə qarşılayıb.

XS
SM
MD
LG