Accessibility links

Novella Cəfəroğlu: Beynəlxalq Qadın Şücaəti mükafatı bütün Azərbaycan qadınlarına töhfədir


Bir neçə gün bundan öncə Azərbaycanın ən qocaman qadın təşkilatı - Dilarə Əliyeva adına qadın hüquqlarını müdafiə cəmiyyətinin sədri Novella Cəfəroğlu ABŞ dövlət katibi Kondoliza Rays tərəfindən Qadın şücaəti mükafatına layiq görüldü.

Əsası 1989-cu ildə milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin təşəbbüsü ilə qoyulan cəmiyyət keçən illər ərzində öz ətrafında 20 mindən artıq qadını birləşdirə bilib.

Azərbaycanın ən nüfuzlu qeyri-hökumət təşkilatlarından biri sayılan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədr müavini Əntiqə Qurbanovanın sözlərinə görə, qadın hüquqlarının müdafiəsi təkcə qadınların işi deyil. Amma qadınlar hər işdə olduğu kimi, burda da öndə gedirlər.

Novella Cəfəroğlu aldığı mükafatın təkcə özünə və təşkilatına deyil, ümumilikdə Azərbaycan qadınına bir töhfə olduğunu deyir.

Bu gün 16 mərkəz, 8 regionda resurs mərkəzi və 40 rayon şöbəsi ilə Azərbaycan qadınının müdafiəsinə qalxan təşkilat vaxtilə Azərbaycan qadınının məhkəmələrdə təmsilçiliyi kimi məsələlərdən başlayıb.

Bu gün isə Cəmiyyət Cənubi Qafqazda sülh təşəbbüslərinin önündə gedən ictimai qurumlardan biridir.

Təşkilatın problemləri də az deyil. Əntiqə Qurbanovanın sözlərinə görə, 2003-cü ildə Naxçıvanda təşkilat rəhbərliyinin hücuma məruz qalması kimi insidentlər də daxil olmaqla, hüquq müdafiə təşkilatı hər zaman fəaliyyətində basqılarla üzləşməli olub. Amma təşkilatın ölkədəki müsbət rolunu anlayan məmurlar da az deyil.

Hal hazırda Azərbaycan Respublikasının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin müzakirəsində iştirak etmək üçün Strasburqda səfərdə olan Novella Cəfəroğlunun da Azərbaycan dövlət rəsmilərinin hüquq müdafiəçilərinə münasibətindən gileyi var.

Bütün təzyiqlərə baxmayaraq, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti Azərbaycan qadınlarının müdafiəsi işində önəmli rolunu oynamaqdadır.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG