Rusiyanın təhlükəsizlik qüvvələri şahmat üzrə keçmiş dünya çempionu və müxalifət lideri Harri Kasparovu ekstremizmə rəvac vermək ittihamı ilə istintaqa çəkir.
Kasparovun bildirdiyinə görə, Federal Təhlükəsizlik Bürosu – FSB-nin zabitləri onun radio müsahibəsində dediyi və başçılıq etdiyi Birləşmiş Vətəndaş Cəbhəsinin nəşr etdirdiyi qəzetdə dərc olunan fikirlərinə görə sorğu-suala çəkir. O, ittihamları tamamilə əsassız saydığını deyib.
Kasparov bu yaxınlarda Moskva və Sankt Peterburqda keçirilən qeyri-qanuni mitinqləri təşkil etmiş “Başqa Rusiya” adlanan koalisiyanın liderlərindən biridir. Şənbə günü keçirilən aksiyada Kasparov həbs olunmuş, kiçik cərimə ödədikdən sonra azadlığa buraxılmışdı.