Accessibility links

Iraqda bir Amerika əsgəri həlak olub


ABŞ-ın İraqdakı qüvvələrinin bildirdiyinə görə, bu gün Bağdadda bomba partlayışı nəticəsində bir Amerika əsgəri həlak olub, ikisi yaralanıb. Bağdadaın şiələrin əksəriyyət təşkil etdiyi Sədr qəsəbəsində avtobusa yerləşdirilən bomba partlayışı 3 adamın ölümünə, 5-nin yaralanmasına səbəb olub. Ordunun verdiyi məlumata görə, bu gün koalisya qüvvələri tərəfindən terrorizmdə şübhələnilən 13 adam nəzarət altına alınıb. Bağdadda həyata keçirilən digər bir hərbi əməliyyat nəticəsində hərbi sürsat və silahlar ələ keçirilib. Dünən ABŞ-ın müdafiə naziri Robert Geyts İraqın siyasi fraksiyalarını aralarındakı fikir ayrılıqlarının həllinə çağıraraq, ABŞ-ın İraqdakı hərbi mövcudluğunun daimi olmayacağını demişdi. Müdafiə nazirinin çağırışları onun İraqın baş naziri Nuri Əl-Maliki ilə ölkədəki təhlükəsizlik vəziyyətinə dair müzakirələrindən sonra edilmişdi. Robert Geyts İraq parlamentini siyasi barışıq və neft gəlirlərinin siyasi və etnik qruplar arasında bölüşdürülməsinə dair yeni qanunların təsdiqini yubatmamağa səsləyib. Qeyd edək ki, Amerikanın müdafiə naziri İraqa gözlənilməz səfərlə cümə axşamı günü getmişdi. İraqda olarkən o, Fəllucədəkı ABŞ hərbi komandirləri ilə görüş keçirmişdi. Bu gün Avstraliyanın müdafiə naziri Brandan Nelsonon İraqın baş naziri Nuri Əl- Maliki ilə görüşdüyü xəbər verilir.

XS
SM
MD
LG