Accessibility links

Mətyu Brayza: "Mən vicdanlı siyasətçiyəm"


Təhlükəsizlik əməkdaşlığı üzrə danışıqlar üçün ABŞ-a səfər etməli olan Azərbaycan nümayəndə heyəti Dövlət Departamentinin Ermənistanda insan haqlarının vəziyyətinə dair hesabatdan bu ölkənin Dağlıq Qarabağı işğal etməsi barədə ifadənin dəyişdirilməsinə cavab olaraq səfərini təxirə salıb. Amerikanın səsinə müsahibəsində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı, Minsk Qrupunun həmsədri Mətyu Brayza bu qərara reaksiyanı açıqlayıb, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlıq, Azərbaycanda insan hüquqlarına dair vəziyyət və sair mövzularda suallara cavab verib.

- Azərbaycan nümayəndə heyətinin səfərini təxirə salmasına və Xarici İşlər Nazirliyinin bəyanatına sizin reaksiyanız necə oldu?

- Reaksiyamız, əlbəttə ki məyusluqdur. Bu, çox önəmli danışıqlar idi və onların keçirilməsinin səbəbi bizim Azərbaycanla ortaq maraqlar üzərində qurulmuş dostluq və əməkdaşlıq münasibətlıəri idi. Bu danışıqlar hər iki ölkənin marağına uyğun olmaqla yanaşı həm də ölkələr arasındakı dostluq nöqteyi nəzərindən önəmli idi. Biz bu danışıqların tezliklə keçiriləcəyinə ümid edirik.

Biz hesabatda dəyişikliyin olması ilə bağlı Azərbaycan hökumətinin və Azərbaycan vətəndaşlarının, ən azı, onların bir qisminin niyə narazı olduğunu anlayırıq. Lakin biz bu dəyişikliyin vacib olduğunu düşünürük. Bu dəyişiklik kiminsə xahişi və ya təzyiqi ilə deyil, bizim özümüzün əvvəlki hesabatda yol verilən yanlışlığı düzəltməyin vacib olduğunu hesab etdiyimizə görə edilib. Və biz ilkin yanlışlığa görə üzr istəyirik.

- Dəyişikliyin edilməsinə ehtiyac hardan doğdu?

- Əvvəlki versiya doğru deyildi. Və situasiyanı aydınlaşdırmağa ehtiyac vardı çünki Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar indi çox həssas bir mərhələdəddir. Əvvəlki versiyada deyilirdi ki, Ermənistan bir ölkə olaraq Dağlıq Qarabağı işğal altında saxlayır. Bu, Azərbaycanın mövqeyidir. Biz bunu anlayırıq və bu mövqeyə hörmətlə yanaşırıq. Lakin bizim mövqeyimiz belədir ki, bir vasitəçi olaraq biz tərəflərdən hər hansının mövqeyini tuta bilmərik. Çünki Ermənistanın da mövqeyi bundan ibarətdir ki, onlar Dağlıq Qarabağı işğal etməyiblər. Və hesabatda etdiyimiz dəyişiklik hər hansı tərəfin mövqeyini tutmaq demək deyil. Biz sadəcə demişik ki, Ermənistan hökuməti Dağlıq Qarabağı işğal etmədiyini deyir.

Nəyə görə biz belə ehtiyatlıyıq? Çünki danışıqlar prosesi indi çox ümidverici bir mərhələdədir və həmin danışıqlarda əsas məsələ Dağlıq Qarabağın gələcək statusudur. Əgər biz tərəflərdən hər hansı birinin mövqeyinə uyğun mövqe tutsaq, biz həmin danışıqların nəticəsini kölgə altına qoya bilərik. Danışıqlar tərəflər arasında keçirilir və ABŞ tərəflərdən biri deyil, sadəcə vasitəçidir.

- Vəziyyəti daha da aydınlaşdırmaq üçün siz münaqişə ilə bağlı Birləşmiş Ştatların mövqeyini bir daha səsləndirə bilərsinizmi?

- Əlbəttə. Bunu qeyd etmək çox vacibdir ki, bizim siyasətimiz heç bir dəyişikliyə uğramayıb. Bizim siyasətimiz heç bir halda, formada dəyişməyib. İlk növbədə biz Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha vurğulayırıq. Bu məsələ heç vaxt sual altında olmayıb. Biz Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu heç bir zaman inkar etməmişik. Və Ermənistanda insan haqlarının vəziyyətinə dair hesabatın dilində dəyişiklik edilməsi heç bir halda bu cür anlaşılmamalıdır. Mən bu nəticəni çıxarmağa əsas verən hər hansı anlaşılmazlığa görə təəssüf edirəm.

Bizim siyasətimiz dəyişməz qalır. Bizim siyasətimiz budur ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Biz heç zaman Qarabağın Azərbaycanın bütöv ərazisinin bir hissəsi olduğunu inkar etməmişik. Lakin Dağlıq Qarabağın statusu Azərbaycan və Ermənistanın iştirakı ilə sülh danışıqları yolu ilə müəyyənləşdirilməlidir və bu da faktdır ki, biz əsas prinsiplər üzrə danışıqlarda nəticəyə çox yaxınıq.

- Danışıqların gedişi barədə məlumat verə bilərsinizmi?

- Danışıqlar prosesi Minsk Qrupu həmsədrlərinin ötən il təklif etdiyi əsas prinsiplərin bazasında razılaşmaya çox yaxınlaşıb. Həmin prinsiplər formal razılaşmanın əsasını təşkil edəcək. Ümid edirik ki, növbəti bir neçə ayda prezidentlər bu əsas prinsiplərlə razılaşsalar, bunun ardınca son sülh müqaviləsi üzrə daha dərin danışıqların getdiyi intensiv mərhələ başlayacaq. Bir sözlə bazis prinsiplər bu müqavilənin əsas məqamını təşkil edir.

- Əsas prinsiplər dedikdə konkret olaraq nə nəzərdə tutulur?

- Bu əsas prinsiplər Dağlıq Qarabağ ətrafındakı beş rayonun erməni silahlı qüvvələrinin dərhal çıxarılması şərtilə yaxın gələcəkdə Azərbaycana qaytarılmasını, orada sülhməramlı qüvvələrin yerləşməsini və qaçqınların geri qayıtmasını nəzərdə tyutur. Kəlbəcər və Laşının hansı şərtlər çərçivəsində qaytarılması ilə bağlı danışıqlar hələ davam edir. Amma bu məsələdə də razılaşmaya çox yaxınıq.

Prinsiplərə Dağlıq Qarabağı Ermənistanla birləşdirən və ticarət və sivil məqsədlərlə istifadə olunacaq koridorun təmin edilməsi də daxildir. Və sonra danışıqıların davam etməsi ilə və hansısa mərhələdə ümumi səsvermənin keçirilməsi ilə Dağlıq Qarabağın statusu müəyyənləşəcəkdir. Azərbaycan tərəfi referendum sözünün işlədilməsinin əleyhinədir, çübki bu ölkə konstitusiyası ilə ziddiyət təşkil edir. Odur ki, biz nə vaxtsa səsvermənin keçirilməsi barədə müzakirə aparırıq.

- Azad olunan ərazilərdə yerləşdiriləcək sülhməramlı kontingentin tərkibi də mübahisə mövzusudurmu? Çünki keçmişdə məhz bu məsələnin problem olduğu ortaya çıxmışdı.

- Bəli bu əvvəllər belə olub. Bu çox önəmli məsələdir və hələ ki biz onun üzərindən sükutla keçirik. Çünki biz indi geriyə dönüb bazis prinsiplər üzərində müzakirə aparırıq. Ümid edirik ki, tezliklə biz əsas prinsiplər üzrə razılaşma əldə edib bu məsələyə - sülhməramlı qüvvələrin tərkibi məsələsinə geri dönə biləcəyik. Bu, asan məsələ deyil. Sülhməramlı qüvvələri təmin edə biləcək beynəlxalq təşkilatlar var. Və biz düşündük ki, sülhməramlı kontingentin tərkibi olduqca əhəmiyyətli məsələdir. Keçmişdə belə bir mövqe var idi ki, bu, qonşu ölkələrdən biri olmamalıdır. Ola bilsin, indi də bu, ən müdrik yol olardı. Mən hər halda çox qabağa getmək istəməzdim. Biz ilk növbədə əsas prinsiplər üzərində razılaşmalıyıq.

- Siz Araz Əzimovla Belqradda da görüşmüşdünüz.

- Bəli həm Araz Əzimovla, həm Elmar Məmmədyarovla

- Həmin görüş zamanı səfərin təxirə salınması ilə bağlı hər hansı müzakirə olmuşdumu?

- Yox. Biz Belqradda bir həftə əvvəl görüşdüyümüz zaman bu hesabatdakı dəyişiklik hələ problemə çevrilməmişdi. Əksinə, biz gələcək səfər zamanı iki ölkənin bir-birinin təhlükəsizliyini təmin etmək üçün nələr edə biləcəyi barədə danışdıq. Mən Arazın, bağışlayın, nazir müavini Əzimovun xətrini çox istəyirəm. Məncə o strateji baxışa malik çox gözəl insandır. Mən şəxsən onun Vaşinqtona gələcəyinə və mənim evimdə də qonaq olacağına çox sevinmişdim.

- Sizcə səfərin təxirə salınması üçün müzakirə olunacaq təhlükəsizlik əməkdaşlığının xarakteri və xüsusilə də, məsələyə Rusiya və İranın münasibəti baxımından hər hansı bir başqa səbəb ola bilərdimi?

- Düşünmürəm. Araz [Əzimov] da, nazir Məmmədyarov da çox səmimidirlər və onlar xarici işlər nazirliyinin bəyanatında səbəbin nə olduğunu açıq şəkildə bildiriblər. Səbəb insan hüquqları hesabatında edilən dəyişiklik və bizim bunu hansısa təzyiq altında etdiyimiz barədə yanlış təsəvvürdür. Bizə hər hansı kənar qrup tərəfindən təzyiq vardımı? Əlbəttə ki, onlar çox narazı idilər. Amma baş verən bu deyil. Biz hesabatda dəyişikliyi öz siyasətimizi daha aydın şəkildə ifadə etmək üçün etmişik. Və biz ümid edirik ki, bizim Azərbaycandakı dostlarımız, bizə bu məsələdə irəli addım atmağa yardımçı olacaqlar.

Gəlin bu məsələni geridə qoyaq, və bizim Azərbaycanın dostu olduğumuzu anlayın. Şəxsən, bir insan olaraq mən özümü Azərbaycanın dostu hesab edirəm. Mənim orada çoxlu yaxın dostlarım var və mən Xarici İşlər Nazirliyinin bəyanatında bizim və şəxsən mənim vicdanlı vasitəçi kimi mövqeyimin sual altına qoyulmasından təəccüblənmiş və incimişəm. Mənim Azərbaycanla bağlı yalnız ən xoş arzularım var və mən bu dostluğu kölgə altına qoyacaq hər hansı bir şey etmək istəməzdim.

Odur ki, xahiş edirəm, Azərbaycan xalqı, bizim vicdanlı vasitəçi olduğumuza inanın. Mən vicdanlı vasitəçiyəm və mən Azərbaycanın təhlükəsizliyini, müstəqilliyini və ərazi bütövlüyünü çox vacib hesab edirəm.

- Təhlükəsizlik danışıqlarında müzakirə ediləcək hər hansı bir məsələ narahatlıq mövzusu ola bilərdimi? Ümumiyyətlə keçirilməli olan danışıqların məğzi barədə bizə məlumat verə bilərsinizmi?

- Bizim müzakirə etməyəcəyimiz məsələlərdən danışım. İlk öncə onu deyim ki, Mənim Gürcüstanda dediyim sözlər təhrif olunmuşdu. Mən Birləşmiş Ştatların hər hansı bir hərbi əməliyyat üçün Azərbaycandakı hərbi bazadan istifadə etmək niyyətinin olduğunu deməmişəm. Mən sadəcə bizə Azərbaycan ərazisinin üzərindən uçmağa icazə verilməsinə görə təşəkkürümüzü ifadə etmişdim. Və əgər bizim təyyarələr hər hansı problemlə üzləşsələr biz onların Azərbaycan və ya Gürcüstanda təhlükəsiz yerə enməsini istəyirik. Və biz hava məkanının istifadəsi və ola bilsin ki, fövqəladə durumlarda təyyarələrin enmə imkanlarını müzakirə edə bilərdik. Biz Azərbaycanın özünün təhlükəsizliyi və xüsusilə də dənizdən olan təhlükələrlə bağlı narahatlığını eşitməyə hazırıq. Biz dövlət katibi Kondoliza Raysın bir neçə ay əvvəl prezident İlham Əliyevə göndərdiyi çox önəmli məktubunda Azərbaycana təhlükəsizlik təminatının verilməsi ilə bağlı təklifi haqqında yenidən müzakirə apara bilərdik. Bu cür təminatı biz yalnız ən yaxın dostlarımıza veririk. Və biz Azərbacyanın nə vaxtsa təhlükəsizliyinə hədə olarsa bu ölkəyə vermək istəıdiyimiz təminatları müzakirə edəcəkdik.

- Yenidən dəyişikliklərə qayıdaq. İndiki versiyaya görə Ermənistan Dağlıq Qarabağı işğal etməyib. Bəs Azərbaycan hansı hərbi qüvvələrlə müharibədə Dağlıq Qarabağ üzərində nəzarəti itirib?

- Mən o zaman hələ tələbə idim və bunda iştirak etmirdim. Mən düşünmürəm ki, indi müharibədə nə baş verdiyini müzakirə etməyin mənası var. Dəhşətli müharibə olub. Erməni qüvvələri Qarabağınm böyük hissəsinə nəzarət edir. Və Dağlıq Qarabağdan şərqə olan rayonları işğal edib. Amma qeyd etmək istəyirəm ki, biz Dağlıq Qarabağı digər ərazilərdən əlahiddə bir ərazi kimi nəzərdən keçirmirik. Və biz birmənalı olaraq, var gücümüzlə hər iki tərəfi razı salan bir anlaşmaya nail olmaq istəyirik. Bu çətin vəziyyətdən çıxış yolu budur.

- Hər halda, bu torpağı kim işğal edib?

- Bilirsiniz, bu işğal sözü çox çətinlik törədir, həm siyasi həm də hüquqi baxımdan məsuliyyət ehtiva edir. Lakin diplomatiya tərəfləri digərinin mövqeyini öpzününkü kimi qəbul etməyə inandırmaqdır. Əgər tərəflərdən biri bir sözü tamamilə rədd edirsə, və digər tərəf bu sözün vasitəçilər tərəfindən işlənməsini arzu edirsə, biz heç zaman nəticə əldə edə bilmərik. Hər iki tərəfin razılaşdığı söz və ifadələri, o cümlədən fəlsəfi yanaşmanı tapmaq olduqca vacibdir.

- Çətinlik törədən artıq baş vermiş hadisələr barədə gələcəkdə baş verə biləcək hadisələr açısından fikir yürütmək məcburiyyətidir? Yəqin bu cür addımları izah etmək çox çətindir.

- Bilirəm, siz haqlısınız. Xüsusilə də mənim kimi, uzaqdan gələn birisi, faciənin içində olmayan birisi üçün keçmişdə olanları unudun de mək xüsusilə çətindir. Kiprdə də belədir. İnsanlar itirdikləri evləri, insanları unuda bilmirlər. Mən bunu hiss edirəm, bu faciədir. Amma mənim işim prosesi irəli aparmaqdır. Mən diqqətimi buna yönəltməliyəm. Heç kim keçmişdə baş verənləri xatırladığına görə günahkar və ya səhv sayıla bilməz. Bu tamamilə insanlara xas xüsusiyyətdir və biz bunu anlayırıq. Amma mən də insanam və mənim işim prosesi irəli aparmaqdır.

- İnsan hüquqları mövzusuna toxunaq. Azərbaycanda bu günlərdə bir qəzet redaktoru həbs olundu. Bu cür hadisələrə və ümumiyyətlə, insan hüquqları məsələsinə diqqət yetirirsinizmi?

- Əlbəttə ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti bizim üçün önəm daşıyır. Mən Azərbaycan hakimiyyətinə mühazirə demək mövqeyində deyiləm və prezident İlham Əliyevə böyülk hörmətim var. İnsan hüquqları və demokratiya ilə bağlı vəziyyət təkcə bizim ölkələr arasında dərin əməkdaşlıq nöqteyi nəzərindən deyil, həmçinin uzunmüddətli stabillik baxımından önəmlidir. İstənilən ölkədə stabillik siyasi legitimlik anlayışı üzərində qurulur ki, bu da demokratiya təcrübəsindən irəli gəlir. Bu, beynəlxalq siyasətin fundamental qaydasıdır. Hərçənd ki, demokratiyanın hər ölkəyə görə özəllikləri var. Biz düşünmürük ki, Azərbaycanda demokratik institutlar ABŞ-dakı, və ya İsveçrədəki kimi olmalıdır. Lakin biz düşünürük ki, böhtana görə cinayət məsuliyyətinin nəzərdə tutulmasına son qoymaq lazımdır. Konkret olaraq bu məhkəmə işi tamamilə böhtanın cinayət məcəlləsi ilə mühakimə olunması ilə bağlıdır. Və Realnı Azərbaycan qəzetinin redaktoru böhtana görə adekvat olmayan çox uzun bir cəza alıb. Biz inanırıq ki, Azərbaycanda böhtana görə cinayət məsuliyyəti ləğv olunarsa, insan haqlari ilə bağlı vəziyyət yaxşılaşar və demokratiya güclənər.

- Jurnalistlərin həbsi və ya digər təzyiq halları barədə xəbərləri alarkən sizin ilk reaksiyanız nə olur?

- İlk reaksiyam məsələni daha dərindən öyrənmək arzusudur. Mən prosesin qanuni olub olmadığını öyrənmək istəyirəm. Sonra mən narahatlıq keçirirəm. Mənim Azərbaycanın tərəqqi etdiyi barədə çox müsbət təsəvvürüm var və mən bu inancımda yanlış olmaq istəmirəm. Mən əmin olmaq istəyirəm ki baş verənlər qanun çərçivəsindədir və hər kəsin demokratiyanı konstruktiv tənqid yolu ilə gücləndirmək, istədiyini demək imkanı var. Mən xüsusilə kimsə xəsarət alanda məyus oluram. Kiməsə qarşı ədalətsizlik baş verəndə dərin narahatlıq hissi keçirirəm. Lakin ilk növbədə xəbərlərin doğruluğuna əmin olmağa çalışırıq. Və əlbəttə ki, demokratiya ilə bağlı inkişafı əməkdaşlıq ruhunda təşviq etmək olduqca vacibdir. Məktəb müəllimi kimi deyil, bu sahədə daha çox təcrübəyə malik bir dost olaraq.

XS
SM
MD
LG