Accessibility links

Beynəlxalq Amnistiya prezident seçkilərindən öncə Azərbaycanda vəziyyətin gərginləşdiyini deyir


Beynəlxalq Amnistiyanın bu gün yaydığı illik hesabatında Azərbaycan Respublikasında söz azadlığı problemlərinə ciddi yer ayrılıb.

Beynəlxalq Amnistiyanın Londondakı sözçüsü Drüeri Dayk Amerikanın səsinə verdiyi şərhdə Azərbaycanın məhbus jurnalistlərin sayına görə Avrasiyada lider olduğunu deyib.

"Söz azadlığı pis vəziyyətdədir. Qarabağ və ətrafındakı yeddi rayondan gələn didərginlərin iqtisadi, sosial və mədəni hüquqlarının vəziyyəti acınacaqlıdır. Müxalif fəaliyyətlərə qarşı görülən kəsgin tədbirlər dəhşət vericidir. Həbs olunmuş jurnalistlərin sayına görə Azərbaycan Respublikası Avrasiyada birinci yerdədir. Onlar böhtan haqqında bədnam qanun maddələri əsasında həbs olunublar", - deyə cənab Dayk bildirib.

Dünya ölkələri üzrə 2006-cı ildə insan haqlarının vəziyyətini qiymətləndirən illik hesabatda deyilir ki, Azərbaycanda mətbuat azadlığı və toplaşmaq hüququ məhdudlaşdırılıb. Polis daim aksiya keçirən nümayişçiləri dağıtmaq üçün güc tətbiq edib. İl ərzində həm də müxalifət jurnalistlərinə hücumlar davam edib, onlar ya böhtana, yaxud da narkotik maddə istifadəsi ilə bağlı şübhəli maddələrlə cinayət məsuliyyətinə cəlb olunublar.

Sənəddə deyilir ki, Azərbaycanda mətbuat azadlığı il ərzində hücumlara məruz qalıb. Müxalifətdən olan jurnalistlər - Fikrət Hüseynov və Bahəddin Həziyevə hücum edən şəxslər indiyə kimi günahkarları tapılmayıb. «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun da qətlinin araşdırılmasında irəliləyişin olmaması sənəddə qeyd olunur.

«Amnesty International»ın hesabatında eyni zamanda qeyd edilir ki, 2006-cı ildə bir sıra jurnalistlərə və qəzetlərə qarşı böhtanla bağlı cinayət işi açılıb və onlar həbsə salınıblar. Həbs edilən jurnalistlərdən ikisi isə oktyabr ayında əfv olunaraq azadlığa çıxıb. «Azadlıq» qəzetinin əməkdaşı, satirik yazar Sakit Zahidovun isə narkotik maddə satmaqda ittiham olunaraq, iyun ayında həbs olunduğu da hesabatda əksini tapıb. Zahidov narkotik satışında ittiham olunsa da, məhkəmə baxışı zamanı həmin ittiham əsası olmadığından dəyişdirilib. Sonradan jurnalist yalnız narkotik maddədən istifadə də təqsirli bilinib.

Dağlıq Qarabağdan məcburi köçkün düşən şəxslərin vəziyyətinə də təşkilat öz münasibətini bildirib. Hesabatda qeyd olunur ki, qaçqınların evlərlə təmin edilməsinə baxmayaraq, bu yaşayış yerləri həm uzaq, həm də iqtisadi səmərəsiz ərazilərdə yerləşdirilib. Buna görə də qaçqınlar arasında işsizlik geniş yayılıb və təhsil, səhiyyə kimi adi xidmətlərdən yararlanmaq isə onlar üçün xeyli çətinləşib. «Amnesty International» dünyanın 150 ölkəsində insan haqlarının vəziyyətini öyrənib. Hesabatda həmçinin qeyd edilir ki, dünyada islamofobiya, antisemitizm, dözümsüzlük və dini qruplara qarşı hücumların sayı daha da artıb.

XS
SM
MD
LG