Accessibility links

Corc Buş Bolqar xalqına təşəkkürünü bildirib


ABŞ prezidenti Corc Buş Bolqarıstanda çıxışı zamanı Amerikanın raketlərdən müdafiə sisteminin Avropada yerləşdirilməsi məsələsindən danışmış, İraq və Əfqanıstandakı hərbi qüvvələr yerləşdirilməsində NATO nümayəndəliklərinə təşəkkürünü bildirmişdir.

Bolqarıstan paytaxtı Sofiyanın Nevski meydanında Naməlum Əsgərin məzarı üzərinə əklil qoyduqdan sonra cənab Buş İraq və Əfqanıstan müharibələri veteranlarını salamlamışdır. Bolqarıstanın bir neçə yüz əsgərdən ibarət hərbiçisi hər iki müharibədə iştirak edib. Keçən ilin mart ayında Bolqarıstan parlamenti hərbiçilərin digərləri ilə əvəz edilməsi barədə qərar qəbul etmişdi. Qeyd edək ki, İraqda 13 Bolqar əsgəri qətlə yetirilib.

Bolqarıstan prezidenti Georgi Parvanovla danışıqlardan sonra cənab Buş müxbirlərlə söhbətində İraqdakı mübarizəni dəstəklədiyi üçün Boqar xalqına təşəkkürünü bildirib. “İraqda ağır döyüşlər gedir və mən bilirəm ki, sizin bəzi ailələriniz bundan əzab çəkib. Milliətimiz adından bu ekstremistlərə və qatillərə qarşı mübarizədə həlak olanların ailələrinə başsağlığı verirəm.” - deyə, o bildirib.

Şənbə günü İraqdakı müharibəyə və oraya 25 000 ABŞ əsgərinin əlavə göndərilməsinə qarşı olan yüzlərlə kommunist tərəfdarı etiraz nümayişi keçirmişdi. Lakin prezidentin buraya səfəri də onun bazar günü Albaniyaya səfəri kimi, hərarətlə qarşılanıb.

Bolqarıstan NATO-nun yeni üzvüdür və Trans-Atlantik İttifaqında Amerikanın raketlərə qarşı müdafiə sistemi planına böyük dəstəyini göstərmək istəyir. Amerika Çex Respublikasında radar stansiyası, Polşada isə İranın Bolqarıstanı zərbə altına alacaq uzun-məsafəli raketlərinə qarşı müdafiə sistemi yerləşdirmək istəyir. ABŞ prezidenti Bolqarıstanın bu sistemdən bəhrələnə bilməyəcəyinə dair narahatlıqlarını azaltmağa çalıışıb. Prezident Buş Bolqarıstanın orta mənzilli raketlərə qarşı digər sistemlərdən bəhrələnə biləcəyini də qeyd edib.

Rusiya ABŞ-ın Polşa və Çex Respublikasında Raket Əleyhinə Müdafiə sistemi yerləşdirmək planına kəskin etirazını bildirərək, bunu yeni silah yarışının başlanğıcı adlandırıb. Lakin Almaniyada Böyük Səkkizlərin sammiti çərçivəsində danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putin Rusiyanın Azərbaycanda Sovet dövründən qalmış radar bazasından istifadə edərək, raketlərə qarşı müdafiə sistemini orada yerləşdirməyi təklif etdi. Cənab Buş bu təklifi maraqlı adlandırdı və onun müzakirəsi üçün işçi qrupunun yaradılması haqda razılıq əldə edildi. Prezident Buş gələn ayın əvvəlləri Rusiya prezidenti ilə bu barədə söhbətə qayıdacağını dedi. Bolqarıstan prezidenti Georgi Parvanov Birləşmiş Ştatlarla Rusiya arasında strateji dialoq barədə razılığı alqışladığını bildirdi.

XS
SM
MD
LG