İraq polisi üsyançıların Samirə şəhərində şiələrin məbədinə hücum etdiyini bildirib. Bomba hücumları təriqət zəminində zorakılıqların artmasına dair narahatlıqların artmasına səbəb olub. Rəsmilər partlayışlar nəticəsində Əskəriyyə məscidinin iki minarəsinin dağıldığını bildiriblər. Xəsarət alanlar haqda məlumat verilməyib.
İraq hökuməti Samirədə hücumlardan sonra Bağdadda qadağan saatı elan edib. İraqın baş naziri Nuri əl-Məliki televiziyada yayımlanan müraciəti zamanı İraq qüvvələrinə ölkənin hər yerində dini məbədlərin təhlükəsiziliyini artırmaq haqda göstəriş verdiyini deyib. Baş nazir deyib ki, Əskəriyyə məbədinin mühafizəsini həyata keçirən İraq qüvvələri sorğu-sual edilmək üçün saxlanılıblar.
Radikal şiə ruhani Müqtəda əl-Sərd üç gün matəm elan edib və özünün Mehdi ordusunu təmkinə çağırıb.
ABŞ rəsmiləri Samirədə şilələrin Əsgəriyyə məscidinə hücumu Əl-Qaidənin təriqət zəminində çəkişmələri qızışdırmaq cəhdi kimi qiymətləndiriblər. ABŞ-ın İraqdakı səfiri Rayan Kroker və general Deyvid Petreus hücumu qınayaraq, onu düşmənin çarəsizlik aktı adlandırıblar.
Vaşintonda Ağ Evin sözçüsü Toni Snou iraqlıları ümumi düşmənə qarşı birgə mübarizə aparmağa çağırıb.
Bu arada, İran prezidenti Mahmud Əhmədinejad ABŞ-ı şiələrin məbədinə hücumun qarşısını almamaqda günahlandırıb.