Accessibility links

Buş demokratların büdcəyə yanaşmasını bəyənmir


Prezident Buş deyib ki, müxalifət qanunvericiləri amerikalıların vergilərini artıraraq onun, özü dediyi kimi, inkişafa yönəlik iqtisadi siyasətinə zərbə vurmaq istəyirlər. Demokratlar deyir ki, onlar enerji xərclərini azaldaraq, iqtisadi artıma nail olmaq istəyirlər.

Prezident Buş bildirib ki, onun rekord vergi güzəştləri rekord vergi gəlirləri ilə nəticələnib. Belə ki, bu güzəştlər amerikalıları daha çox işləməyə və qazanmağa təşviq edib və bununla da büdcə kəsiri azalıb. Lakin şənbə günü həftəlik radio müraciətində cənab Buş deyib ki, müxalifət demokratları tərəfindən təklif olunan xərclər layihəsi onun 2012-ci ilədək büdcə balansına nail olmaq planlarına zərbə vura bilər: “Konqresdəki demokratlar bizi fərqli istiqamətə yönəltmək isəyir. Onlar Amerika ailələri və işəgötürənləri üçün daha yüksək vergiləri nəzərdə tutan büdcə qəbul ediblər, imtiyaz islahatlarına olan ehtiyacı nəzərə almırlar və növbəti 5 ildə yeni hökumətin xərcləri üçün yüz milyardlarla dollar ayırırlar. Bu vergi al- xərclə yanaşması bizim iqtisadi inkişafımızı və büdcə kəsirinin azaldılması planını risq altına qoyur”.

Prezident deyib ki, o aşırı xərclərə veto qoyacaq. Müxalifətin nəzarəti altında olan Nümayəndələr palatası Daxili Təhlükəsizlik Nazirliyi üçün prezidentin təklif etdiyindən 2 milyard dollar artıq - 37 milyard dollar həcmində büdcə təsdiq ediblər.

Əgər prezident Buş, dediyi kimi, veto hüququndan istifadə etsə, demokratlar qanunu prezidentin razılığı olmadan keçirmək üçün səslərin üçdə ikisini toplaya bilməyəcəklər. Çünki layihə əleyhinə kifayət sayda respublikaçı səs verib.

Lakin cənab Buş artıq təsdiqlənən bütün xərclərə veto qoymaq fikrində deyil. O, İraqda müharibə xərcləri üçün onun tələb etdiyindən 17 milyard dollar artıq büdcə ayrılmasına etiraz etməyib. Demokratlar onun veteran proqramları üçün verdiyi təklifə 4 milyard dollar əlavə ediblər. Respublikaçıların da müharibə getdiyi bir vaxtda həmin xərclərə etiraz etmək niyyəti yoxdur.

Demokratların radio müraciəti zamanı senator Mariya Kantvell prezident Buşu Amerikanın xarici neftdən asılılığını azaltmağı və benzinin qiymətini aşağı salmağı nəzərdə tutan enerji layihəsini qəbul etmək üçün öz partiya üzvlərinə təsir göstərməyə çağırıb: “ Enerjidən istifadə effektivliyini artırmaqla, bu layihə amerikalıların hər il milyardlarla dollar qənaət etməsinə yardımçı ola bilər. Demokratlar həmçinin neft faizlərinə gedən pulların bir hissəsini təmiz, bərpa olunan enerji layihələrinə yönəltmək niyyətindədirlər. Bizim, enerjinin azı 15 faizini alternativ mənbələrdən almaq məqsədimizlə birgə bu layihələr ölkənin ziyanlı yanacaqdan asılılığını azaldacaq”.

Prezident Buş da alternativ enerji mənbələrinə daha çox sərmayə qoyulmasının tərəfdarıdır və o, ABŞ-ın neft istehlakını növbəti on ildə 20 faiz azaltmağı istəyir. Amerika hazırda istifadə etdiyi neftin 60 faizini idxal edir.

XS
SM
MD
LG