Meyn ştatında ABŞ ptrezidenti Corc Buş rusiyalı həmkarı Vladimir Putinlə qeyri-rəsmi görüş keçirib. Görüş çərçivəsində liderlər Kosovonun müstəilliyi, Polşa və Çex respublikasında raketlərdən müdafiə sisteminin yerləşdirilməsi və nüvə silahları proqramını dayandırmadığı təqdirdə İrana qarşı sanksiyalar kimi məsələləri müzakirə edib. Qeyd edək ki, Moskva ilə Vaşinqton arasında fikir ayrılıqlarına məhz bu məsələlər səbəb olub. İki ölkə prezidenti sabiq ABŞ prezidenti ata Buşla bərabər qayıq gəzintisində iştirak edib, xərçəngdən hazırlanmış şam yeməyi yeyib.
Görüşdən sonra təşkil edilən mətbuat konfransında Rusiya lideri Avropada anti-raket sisteminin təsis edilməsinə ehtiyac görmədiyini bildirib. ABŞ prezidenti Corc Buş isə Polşa və Çex respublikasının planın ayrılmaz hissəsi olduğunu deyib. İranla bağlı tərəflər daha yaxın mövqedən çıxış edib. Onlar İranı nüvə proqramına son qoymağa razı salınması işində BMT-nin Təhlükəsizlik Şurası ilə əməkdaşlıq edəcəklərini deyiblər.