Accessibility links

Serbiya Kosovonun tanınmasının regionda stabilliyi pozacağını bildirir


Serbiyanın xarici işlər naziri Vuk Yeremiç Çernoqoriya və digər qonşu dövlətlərə Kosovonun müstəqilliyini tanımamaları barədə xəbərdarlıq edib. Yeremiç bu gün bildirib ki, Kosovonun Serbiyanın Balkan qonşuları tərəfindən birtərəfli qaydada tanınması regionda stabilliyin uzun müddətə pozulmasına gətirib çıxara bilər.

O bu bəyanatı özünün Çernoqoriyalı həmkarı Milan Rosenlə Podqorisadakı danışıqlardan sonra verib. Çernoqoriya keçən il Serbiyadan ayrılaraq müstəqil dövlət olub.

Bu gün Avropa Birliyi liderləri ilə görüşmək üçün Brüsselə gedən Serbiya prezidenti Boris Tadiç də Kosovonun müstəqilliyinə etiraz edib. Lakin o, ölkəsinin əyalətin alban çoxluğu ilə mümkün kompromis həll variantını müzakirə etməyə hazırlığını da dilə gətirib.

BMT baş katibi Ban ki Mun əyalətin gələcək statusu ilə bağlı təcili qərarların qəbul edilməsinə çağırıb. BMT-nin Kosovo üzrə xüsusi elçisi Marti Ahtisaari əraziyə beynəlxalq nəzarət altında müstəqillik verilməsini təklif edib. Serbiya bu plana qarşı çıxır.

Serbiyanın ənənəvi müttəfiqi Rusiya həm Serbiya, həm də Kosovonun alban çoxluğunun dəstəkləmədiyi hər hansı BMT qətnaməsini veto edəcəyini deyir.

XS
SM
MD
LG