Accessibility links

Duma ekstremizmə qarşı mübarizə qanununu qəbul edib


Rusiya qanunvericiləri onların sözlərinə görə, ekstremizmə qarşı mübarizəni gücləndirən, tənqidçilərə görə isə azadlıqları məhdudlaşdıran qanunvericiliyi təsdiq ediblər.

Parlamentin aşağı palatasının səs verdiyi qanunda ekstremizmin tərifinə siyasi, ideoloji və sosial nifrət zəminində cinayətlər də əlavə edilib. İndiki qanunsa yalnız irqi, milli və dini ayrı-seçkilik zəminində törədilən cinayətləri əhatə edir.

Yeni qanun hüquq-mühafizə orqanlarına müxtəlif cinayətlərdə şübhəlilərin telefonlarını dinləmək hüququ verir. Qanunda həmçinin tələb olunur ki, hər hansı bir qanundan kənar qrup haqqında söz açan media onun qadağan olunduğunu hökmən qeyd etməlidir. Ekstremist materialların hazırlanması və yayılmasına görə cərimələr də nəzərdə tutulur.

Tənqidçilər yeni qanunun bu ilin sonunda keçiriləcək parlament, eləcə də gələn ilə təyin olunmuş prezident seçkiləri öncəsi söz azadlığını məhdudlaşdırdığını və siyasi partiyalara hökumətin nəzarətini artırdığını deyirlər. Qanunun tərəfdarları isə onun Rusiyada ksenofobiya və irqçilik zəminində hücumların qarşısını alacağını deyirlər.

XS
SM
MD
LG