Accessibility links

Prezident Buşla Konqres arasında İraq qarşıdurması davam edir


Konqres Birləşmiş Ştatların daxili siyasəti ilə bağlı iki məsələ - 9 federal prokurorun işdən çıxarılması və Ağ evin keçmiş əməkdaşı Lyuis Libbinin həbs cəzasının dəyişdirilməsi haqqında prezident fərmanı ilə bağlı söz güləşdirməsi davam edir. Lakin icraedici və qanunverici orqan arasında əsas mübahisənin mövzusu İraq olaraq qalır.

Görkəmli demokrat senatorlar 120 gün ərzində İraqdakı ABŞ qoşunlarının geri çağırılmasına başlamağı nəzərdə tutan qanunvericilik təşəbbüsü ilə çıxış edib.

Senator Levinin təklif etdiyi düzəliş müdafiə siyasəti haqqında qanunun bir hissəsidir:

"Qoşunların mərhələ mərhələ azaldılması və çıxarılması ilə bağlı gün təyin edilməsə, İraq liderləri ancaq özlərinin görə biləcəyi şeyə – siyasi nizamlanmaya nail olmaq üçün səy göstərməyə başlamayacaq".

Levin deyir ki, İraq liderləri milli birlik hökumətinin qurulması üçün kompromislərə getmək üçün çox az iş görüb.

Levinin düzəlişinə görə, Birləşmiş Ştatların döyüş əməliyyatları gələn ilin Aprel ayına qədər bitməlidir. Bundan sonra İraqda qalan ABŞ qoşunları İraq qüvvələrinin təlimi və terrorla mübarizə ilə məşğul olmalıdır.

Levinin qanunvericilik təşəbbüsü bir sıra görkəmli respublikaçı senatorların prezident Buşla əlaqələrinin pisləşdiyi və İraqda amerika qoşunlarının sayının azalmasına yönəlmiş yeni istiqamətin götürülməsinə tərəfdar çıxdığı vaxta təsadüf edir. Lakin bu senatorların Levinin düzəlişinə qahmar çıxıb çıxmayacağı bəlli deyil.

İraqdan yenicə qayıtmış Arizonadan olan respublikaçı senator Con Makkeynin təşəbbüsə qarşı iradları var:

"Biz anlamalıyıq ki, Birləşmiş Ştatların qoşunlarını İraqdan çıxarması uzun müddətli siyasi nizamlama ilə nəticələnə bilməz. Əksinə, q oşunların çıxarılması siyasi problemlərin həllinin nəticəsi olmalıdır. Bu isə koalisiya və İraq qoşunlarının təhlükəsizliyi təmin etməsi ilə mümkündür".

Senatın xarici əlaqələr komitəsinin sədri, Delaver ştatından demokrat senator Co Bayden isə Buş administrasiyasının gördüyü şəkildə siyasi nizamlama variantının İraqda mümkün olub-olmadığını sual altına qoyur:

“Bu strategiyanın əsas qayəsi üç partiyanın konsensusu ilə Bağdadda mərkəzləşən, xalqın dəstəyinə malik bir hökumətin yaradılmasıdır. Lakin bu, davamlı ola bilməz. Acı həqiqət bundan ibarətdir ki, xarici işğalçı, yaxud diktator olmadan, İraq mərkəzdən idarə oluna bilməz".

Senat Birləşmiş Ştatların İraq strategiyasını müzakirə etdiyi zaman Buş administrasiyası bazar gününədək İraq hesabatını Konqresə təqdim etmək niyyətindədir. Hesabatın təqdim olunması ərəfəsində Latın Amerikasına səfərini təxirə salan müdafiə naziri Robert Geyts Kapitolidə qanunvericilərlə görüşlər keçirir.

XS
SM
MD
LG