Accessibility links

Helsinki Komissiyasında Azərbaycanda söz azadlığı ilə bağlı dinləmələr keçirilib


Ötən gün Vaşinqtonda, ABŞ Konqresinin Helsinki komissiyasında ATƏT ölkələrində mətbuatın durumu ilə bağlı dinləmələr keçirilib.

Sözügedən komissiyanın sədri, Florida ştatından olan konqresmen Əlsi Heystinqs və komissiyanın həmsədri, senator Bencamin Kardin tərəfindən təşkil edilən dinləmələrdə Azərbaycanda söz azadlığına basqılar barədə danışılıb.

ABŞ Helsinki Komissiyasının “ATƏT regionunda mətbuat azadlığı” mövzusunda keçirdiyi dinləmələrdə Rusiya, Azərbaycan, Qazaxıstan və Türkiyədəki vəziyyət diqqət mərkəzində olub. Həm dinləmələrin təşəbbüskarlarından biri olan konqresmen Alsi Heystinqs həm də ifadə vermək üçün dəvət olunan Jurnalistləri Müdafiə Komitəsinin proqram direktoru Nina Oqniyanova və Freedom House təşkilatının nümayəndəsi Pola Şrifer bu ölkələrdə media azadlığı ilə bağlı vəziyyətin xüsusilə acınacaqlı olduğunu qeyd etdilər.

Xanım Şrifer Türkiyənin cinayət məcəlləsində türklüyün təhqiri ilə bağlı maddənin olması ucbatından Kipr, kürd problemi, ermənilərin soyqırım iddiaları kimi mövzularda yazılara görə bir çox jurnalistin məhkəməyə çəkildiyini mənfi, bu maddə ilə verilən cəza hökmlərinin az olmasını isə müsbət hal kimi qeyd etdi.

Digər natiq - Fatima Tilisova Assoşieyted Press Agentliyinin Şimali Qafqazdakı müxbiri işləyib və münaqişə bölgəsindən verdiyi xəbərlərə görə Rusiya rəsmi dairələri tərəfindən fiziki və mənəvi basqılarla üzləşib:

“Mən sizə Rusiyada jurnalistləri daha ələyatımlı etmək üçün istifadə olunan metodlardan söz açım. Onları həbs edir, işgəncələrə məruz qoyur, oğurlayırlar. Bu yalnız sizə qarşı deyil, sizin ailə üzvlərinizə qarşı da edilə bilər. Azadlıq radiosunun müxbirinin 70 yaşlı atasını da məhz övladının ötürdüyü xəbərlərə görə döymüşdülər.”

Jurnalistləri Müdafiə Komitəsindən Nina Oqnianova Rusiya və Azərbaycanda medianın susdurulması üçün cəza metodlardan istifadə olunduğunu və hər iki ölkədə jurnalist qətllərinin cəzasız qaldığını dedi:

"Bir sıra keçmiş Sovet ölkələrində hökumətlər jurnalistika və insan hüquqlarının müdafiəsi kimi fəaliyyətlərə görə təzyiqləri artırır. Rusiya və Azərbaycanda gələcək 14 ayda keçiriləcək seçkilərlə bağlı administrasiyalar tənqid səslərini boğmağa çalışır. Siyasətçilər, dövlət rəsmiləri, təhlükəsizlik xidmətləri nüfuzlu yayım qurumları üzərində nəzarət əldə etmək və onları özünüsenzuraya sövq etmək üçün müxtəlif metodlardan istifadə edir. Buraya müstəqil medianı susdurmaq üçün bürokratik qaydalardan və qanundakı boşluqlardan istifadə, siyasi motivli cinayət işləri, saxta ittihamlarla jurnalistlərin həbsi və onların işlədiyi qəzetlərin bağlanması, media qurumlarının satın alınması, jurnalistlərə qarşı fiziki hücumlar, qətllər və sair daxildir".

Helsinki Komissiyasının sədri Əlsi Heystinqsin sözlərinə görə, Azərbaycanda mediaya qarşı təzyiqlər xüsusi narahatlıq doğurur: “Belə ki, bu ölkələrdə elektron media üzərində nəzarət artır. Müstəqil ANS telekanalı lisenziyasını itirməmək üçün çox ehtiyatlı davranmalıdır. Hazırda yeddi jurnalist həbsdədir və jurnalistlərə qarşı hücum və cərimələr seriyası barədə xəbərlər yayılır”.

Nina Oqniyanova Birləşmiş Ştatlar hökuməti və Konqresini söz azadlığını strateji maraqlara qurban verməməyə çağırır.

"Beynəlxalq ictimaiyyət və xüsusilə də Birləşmiş Ştatlar Rusiya və Azərbaycanda söz azadlığı məsələlərinə biganə qala bilməzlər. Jurnalistlər canlarını qorumaq üçün özünüsenzuraya sövq edilir nəyticədə Rusiya və Azərbaycan xalqı əziyyət çəkir. Belə ki, onlar insan haqlarının pozulması, korrupsiya, yüksək səviyyəli cinayətlər və Çeçenistanda olduğu kimi mühariobə barədə məlumatsız qalır. Jurnalistləri Müdafiə Komitəsi Helsinki Komissiyasını söz azadlığı məsələsini ABŞ xarici siyasətinin prioritetinə çevirməyə çağırır. Son illərdə strateji və enerji maraqları mətbuat azadlığı məsələsini arxa plana atıb. Bu, dünyaya çox təhlükəli mesaj verir: guya Birləşmiş Ştatlar Rusiya və Azərbaycanda tənqidi jurnalistlərin həbsi, müstəqil qəzetlərin bağlanması və jurnalist qətllərinin araşdırılması məsələlərinə göz yumur. İndi Birləşmiş Ştatlar bu ölkələrdə repressiv aksiyalara qarşı əvvəlkindən də artıq etiraz etməlidir".

Qeyd edək ki, demokratiya və söz azadlığı problemləri ABŞ dövlət katibinin yardımçısı Mətyu Brayzanın avqustun 2-si və 3-də Bakıda keçirdiyi görüşlərdə müzakirə olunan məsələlərdən biridir.

Rəsmi Bakı isə Helsinki Komissiyasının dinləmələrində səslənən fikirlərlə tazı deyil.

Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov rəsmi Bakının mövqeyini jurnalistlərlə söhbətində belə ifadə edib: "Sizə baxanda demək olmaz ki, Azərbaycanda söz azadlığı pozulur, narahat olmağımıza əsas yoxdur". Cənab Həsənov böhtana görə jurnalistlərin həbs edilməsini Azərbaycanda söz azadlığının pozulması kimi dəyərləndirmədiyini bir daha vurğulayıb.

Qısa adı Helsinki Komissiyası olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası 1975-ci ildə qəbul olunan Helsinki prinsiplərinin həyata keçirilməsinə nəzarət edən qurumdur. Quruma Senatın və Nümayəndələr Palatasının hər birindən 9 üzv, eləcə də, Dövlət Departamenti, Müdafiə və Ticarət Nazirliklərindən bir nümayəndə daxildir.

XS
SM
MD
LG