İraq polisinin verdiyi məlumatda bildirilir ki, bu gün bütün ölkə boyu baş verən zorakılıqlar nəticəsində azı 33 nəfər ölüb. Təhlükəsizlik rəsmiləri əsasən uşaq və qadınlar olmaqla 28 nəfərin şiələrin çoxluq təşkil etdiyi, İraqın şimalındakı Əl-Əftar şəhərində yük maşınına yerləşdirilmiş bomba partlayışı nəticəsində öldüyünü deyirlər. Partlayışın bir çox evin dağılmasına səbəb olduğu bildirilir. Bağdadın şiə məhəlləsində isə yol kənarına yerləşdirilmiş bomba partlayışı azı 5 nəfərin ölümü ilə nəticələnib.
Birləşmiş Ştatların İraqdakı qüvvələri bazar günü həyata keçirilən əməliyyatlar zamanı bir əsgərin öldürüldüyünü bildirirlər.