Accessibility links

Koreyaların sammiti təxirə salınıb


Şimali və Cənubi Koreya bu ayın sonunda keçirilməsi planlaşdırılan sammiti təxirə salıb. Şimali Koreya bu kasıb kommunist ölkəsinə sellər nəticəsində böyük ziyan dəydiyini əsas gətirərək görüşü oktyabra qədər təxirə salmağı xahiş edib.

Cənubi Koreya prezidentinin sözçüsü Çon Hu Syun deyib ki, bu ayın sonuna təyin olunmuş Şimal-Cənub sammiti oktyabrın 2-4-də keçiriləcək.

O, Şimali Koreyada sellərin vurduğu ziyanın sammitin keçirilməsinə mane olduğunu, Cənubun da bu əsasla tədbiri təxirə salmaq xahişini qəbul etdiyini deyib.

Beynəlxalq yardım agentlikləri həftələrlə sürən sel yağışlarının ölkənin kənd təsərrüfatı və infrastrukturuna ciddi ziyan vurduğu barədə xəbərləri təsdiqləyir. Şimali Koreya ölkənin qarğıdalı və düyü sahələrinin 11 faizinin məhv olduğunu, 300 minə yaxın adamın evlərindən didərgin düşdüyünü bildirib.

BMT Ümumdünya Qida Proqramı Şimali Koreyada onsuz da ciddi olan qida çatışmazlığı probleminin sellər nəticəsində daha da kəskinləşdiyini bildirir. İki Koreya rəsmən hələ də müharibə vəziyyətindədirlər.

Döyüşlər Şimali Koreyanın cənuba müdaxiləsindən 3 il sonra, 1953-cü ildə atəşkəs nəticəsində dayandırılıb.

Pxenyandakı rəsmilər Cənubi Koreya prezidenti Ro Mu Hyun və Şimali Koreya lideri Kim Yonq İl arasında keçiriləcək görüşün rəsmi sülh sazişi üçün əsas olacağına inanır.

XS
SM
MD
LG