Prezident seçkilərinə rəqib demokrat namizədlərin əsas hədəfi Hillari Klintondur. Lakin xanın Klinton respublikaçılar və prezident Buşu diqqət mərkəzindən buraxmır. Onun opponentləri Hillari Klintonun əsas məsələlərdə nailiyyətsizliyini önə çəkirlər. Senator Con Edvards senator Klintonun bir məsələ haqda iki müxtəlif fikir söylədiyini, Barak Obama isə onun dediklərindən heç nə anlamadığını deyir. Senatorlar xanım Klintonun NAFTA, İraq müharibəsi və mühacirət məsələlərində olduqca rahat siyasi mövqe tutduğunu bildirirlər. Hillari Klinton prezident Buşun İrana qarşı sanksiyalar təklifinə səs verdiyinə görə rəqiblərinin tənqid hədəfinə çevrilib. Lakin bütün bu tənqidlər Hillari Klintonu məqsədindən yayındırmır. O, artıq Corc Buş və Dik Çeyni səhifəsinin çevrilməsi vaxtının gəlib çatdığını deyir. Qeyd edək ki, demokrat namizədlərin Las Veqasda təşkil edəcəkləri növbəti debatlarına iki həftə qalır. Rəy sorğularında senator Klinton ön sıralarda yer tutmaqda davam edir.