Pakistan polisi sabiq baş nazir Benazir Bhuttonun Islamabadakı evindən çıxmasına icazə verib, ancaq onun bu yaxınlarda vəzifəsindən uzaqlaşdırılan məhkəmə sədri ilə görüşməsinin qarşısını alıb. Xanım Bhutto güllə keçirməyən maşınla sabiq Ali Məhkəmə sədri İftixar Çaudrinin evinə yaxınlaşmağa cəhd göstərsə də, polislər iki avtomobillə onun yolunu kəsiblər. Bu gün səhər o, rəhbəri olduğu Pakistan Xalq Partiyasının yüksək səviyyəli nümayəndələri ilə görüşüb. Sabiq baş nazirin bu gün xarici diplomatlarla görüşməsi planlaşdırılıb. Xanım Bhutto açıqlamasında gələn həftə Pərviz Müşərrəfin ordu rəhbərliyindən kənara çəkilməsi, seçkilərin öz vaxtında - yanvarda keçirilməsi və fövqəladə vəziyyətin ləğv edilməsi tələbləri ilə Lahordan İslamabadadək olacaq yürüşə başçılıq etməyi planlaşdırdığını bildirib.