Birmanın dövlət nəzarətində olan mətbuatı müxalifət lideri Aunq San Su Kyiyə baş səhifədə yer ayırıb. “Myanmarın Yeni İşığı” adlı dövlət qəzetində dissidentin Birma hərbi hökumətinin nümayəndəsi ilə birgə fotosu çap edilib. Müxalifət lideri dünən yenicə təyin olunmuş Əlaqələr Naziri ilə görüşüb. Ona həmçinin son 3 ildə ilk dəfə olaraq Demokratiya Milli Liqasının üzvləri ilə görüşməyə icazə verilib. Görüşlərdən sonra Aunq San Su Kyi açıqlama verərək milli barışığın perspektivlərinə nikbin olduğunu söyləyib. Sabah BMT-nin insan hüquqları üzrə xüsusi elçisi Paulo Sergio Pinheyro Birmaya gələcək.