Bu gün Ərəb dövlətlərinin xarici işlər nazirləri Birləşmiş Ştatların sponsorluq etdiyi Yaxın Şərqdə Sülh konfransına dair mövqelərində birlik əldə etmək üçün Qahirədə görüş keçiriblər. Ərəb Liqası yığıncağının iştirakçıları ABŞ-ın Annapolis şəhərində keçiriləcək konfransa dəvətnamələrin qəbulu barədə razılıq əldə ediblər. İsraillə heç bir diplomatik əlaqəsi olmayan Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud Əl-Feysəl ölkəsinin yığıncaqda iştirak edəcəyini deyib. İsrail Səudiyyə Ərəbistanının bu addımını alqışlayıb. Artıq Misir və Türkiyə noyabr ayının 27-nə təyin olunmuş konfransda iştirak edəcəklərini bəyan etmişlər. Dünən Misir prezidenti Hüsnü Mübarək, İordaniya kralı Abdulla və fələstinlilərin prezidenti Mahmud Abbas Qırmızı dənizin kurort şəhəri Şərm Əl-Şeyxdə görüşüb. Lakin Həmas nümayəndəsi olan Fələstinin baş naziri İsmayıl Haniye bu konfransın fələsinlilərə heç bir faydası olmayacağını deyib.