ABŞ hərbi qüvvələrinin bildirdiyinə görə, koalisiya qüvvələrinin İraqın mərkəzi və şimalında cümə günündən Əl Qaidəni hədəf alan əməliyyatları nəticənsində 4 yaraqlı öldürülüb, 18-i isə həbs olunub. Ordu rəsmiləri bildirirlər ki, 3 şübhəli Müqdadiyyənin şimalında hava hücumu nəticəsində ölüb. Verilən məlumata görə, bu hücum Amerika qoşunlarına hücum edən qrupu hədəfə alıb. Qrupun həmçinin Diyala regionundakı terror aktlarına görə məsuliyyət daşıyan Əl Qaidə lideri ilə əlaqəsi olduğu iddia edilir. Bu gün Bağdadda isə ABŞ ordusu 3 yaraqlını həbs edib. Ordu habelə Neynəva vilayətində bir Amerika əsgərinin həlak olduğunu bildirib.