Emil Quliyev
Bu il Həcc ziyarətində 2 milyon müsəlmanın iştirak edəcəyi gözlənilir. Onlar arasında 12 min amerikalı da var. Bu rəqəm hər il artır. Məkkədə Həcc ziyarəti etmək, imkanı olan hər bir müsəlmanın borcudur.
Fozia Əziz üçün bu, ilk Həcc ziyarəti olacaq. O, indiyə kimi ora getməməsinin səbəbini belə izah edir: “Mən çoxdandır ziyarətə getmək istəyirdim, amma uşaqlarım balaca idi və onlar məktəbə gedirdilər. Həyat yoldaşım və mənim məsuliyyətimiz var idi. İndi isə onların hamısı artıq məktəbi bitiriblər, hətta evlənənlər də var. Ona görə bizim də dinimiz İslamın beşinci öhdəliyi olan ziyarət borcumuzu yerinə yetirmək imkanımız yaranıb.”
Əfqanıstan ordusunun sabiq leytenantı Əziz Əziz din azadlığına imkan verən ABŞ kimi ölkədə yaşadığı üçün özünü xöşbəxt saydığını deyir: “Biz müsəlmanlar istədiyimiz vaxt ibadət etməyimizə şərait yaradan və heç bir məhdudiyyətlər qoymayan məscidləri olan ölkələri xoşlayırıq. Biz məscidə gündüz də, gecə də gedə bilərik. Amerikada dini ayinlərimizin icrasını davam etdirə bilirik. Həmçinin biz Həccə getməyə qərar verərkən, heç bir problemlə üzləşməmişik.”
Fozia Əzizin sözlərinə görə, səfərin əziyyətli və baha başa gəlməməsi üçün onlar səyahət agentliyinə müraciət ediblər. Burada Həcc səfərinə təyyarə bileti və mehmanxana daxildir. Ziyarətçilərə Həcc mərasimində yerinə yetirilməsi lazım olan dini təlimatlar verilir.
Valid Abuşark Virciniyadan Məkkəyə gedən 50 ziyarətçidən ibarət qrupa rəhbərlik edir: “Biz Beynəlxalq Həcc qrupuna daxilik. Qrupda Əfqanıstan, Amerika, Tunis, Yəmən, Misir, Sudan, Mərakeş və Fələstindən olan müsəlmanlar var.”
Altı gün sürən yorucu dini mərasim zamanı müsəlmanlar ayinləri icra edib, dua edir, habelə digər müsəlmanlarla təmas qurur.