Bu yaxınlarda regiona səfərdən qayıtmış ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayza Dağlıq Qarabağ sülh prosesinin nizamlanması perspektivlərinə ümidlə baxdığını deyib. Amerikanın səsinə müsahibəsində Metyu Brayza Minsk qrupunun səyləri, sülh prosesinin perspektivləri və Azərbaycan-Amerika münasibətlərindən danışıb.
Danışıqlar ətrafında bugünkü durumdan söhbət açan Metyu Brayza atmosferin ciddi, lakin müsbət olduğunu qeyd etdi. Onun sözlərinə görə, danışıqlar Ermənistanda seçkilərə qədər davam etdiriləcək. Metyu Brayza hesab edir ki, prezident Köçəryan və Əliyev bu il razılığın əldə olunmasını istəyirdilər. Gözləntilərin nədən ibarət olduğu sualını cavablandıran Metyu Brayza Azərbaycan prezidentinin 2008-ci ilə həlledici il kimi baxdığını deməsini qeyd etdi:
- Biz bu il baza prinsiplərinə dair razılığın əldə olunmasına nail ola bilərik. Əlbəttə, Ermənistanda seçkilərdən və Ermənistanın yeni prezident və Azərbaycan prezidentinin bir-birinin mövqeyinə inam yarada bilib-bilməməsindən çox şey asılı olacaq. Mən inanıram ki, onlar bunu edə biləcək. Biz baza prinsiplərinin müzakirəsi istiqamətində uzun yol gəlmişik və demək olar ki, bütün fikir ayrılığı, konseptual fikir ayrılığı qalmaqdadır ki, tərəflər onları həll etmək niyyətində olsalar, bunu edə bilərlər. Bu, qeyri-mümkün bir şey deyil.
Metyu Brayza Minsk qrupunun Bakı və Yerevanda aldığı tövsiyələr əsasında baza prinsiplərinin yeni variantı üzərində işi ilə bağlı bildirdi ki, bu, Madriddə xarici işlər nazirləri vasitəsilə prezidentlərə çatdırılan prinsiplərdən mahiyyət etibarilə fərqlənmir. Onun sözlərinə görə, tərəflərin bir neçə il müzakirə aparmasından sonra sənədin dəyişdirilməsinə ehtiyac yaranır:
- Bu səfər zamanı prezidentlərin bu sənədə reaksiyalarını öyrəndik və prezidentlərin hər birində onun yeni quruluşu və dili ilə bağlı narahatlıqlar var idi. Biz bunun hansı quruluşda olmasını müəyyən etmək və hər bir prezidentin onu düzgün anladığını təmin etməliydik. Buna görə də bəlkə əvvəlki sənəddə işlədilən varianta qayıda bilərik. Onu demək istəyirəm ki, burada tamamilə yeni prinsiplər, ya da sənəd olmayacaq. Biz hazırda masa üzərində olan sənədi yaxşılaşdırmalıyıq.
Metyu Brayza prosesin hansı ardıcıllıqla gedə biləcəyi və Ermənistanın işğal olunmuş ərazilərdən çıxmağa hazır olması ilə bağlı sualımızı cavablandıraraq dedi ki, onun fikrincə, baza prinsiplərinin bütün aspektləri üzrə razılıq olmadan heç bir məsələdə razılıq əldə edilməyib:
- Mümkündür ki, yenə də bu baza prinsipləri əsasında erməni qüvvələrinin çıxması, azərbaycanlı məcburi köçkünlərin öz yerlərinə qayıtması, beynəlxalq sülhməramlıların yerləşdirilməsi, Ermənistan və Dağlıq Qarabağ arasında əlaqələr və Qarabağın statusu ilə bağlı mümkün səsverməni nəzərdə tutan razılıq əldə edilsin. Bütün bu ideyalar mövcuddur. Lakin bütün paket üzrə razılıq olmadan bu maddələr üzrə də heç bir razılıq əldə edilməyib. Başqa sözlə, paket üzrə razılıq olmalıdır. Buna görə mən indi bütün başqa addımlar atılmadan ermənilərin bu addımı atmağa hazır olduqlarını deyə bilmərəm. Lakin fikrimcə, bu razılıqlar paketi real görünür.
Paketin əsas elementlərinə toxunan Metyu Brayza qeyd etdi ki, Azərbaycan müstəqilliyini qazanandan bəri onun ərazi bütövlüyünün tanınması Birləşmiş Ştatların siyasətinin əsasını təşkil edir:
- Biz onu da bilirik ki, ermənilər Dağlıq Qarabağın statusu məsələsinə aydınlıq gətirilməsini istəyirlər. Mənim və digər həmsədrlərin işi ondan ibarətdir ki, hər bir tərəfi kompromislərə razı salmaq yollarını tapaq. Burada o biri tərəfin istər Dağlıq Qarabağın statusu olsun, istərsə də Azərbaycanın ərazi bütövlüyü məsələsində narahatlığı nəzərə alınır. Çətini budur. Fikrimcə, biz bunu edə bilərik. Görüləsi iş hələ çoxdur.
Metyu Brayza Qarabağa səfəri, əsasən də Ağdamda olduğunu xüsusi qeyd etdi:
- Mən karyeramda ən təsirli və ağrılı səfərlərdən biri kimi Ağdamda oldum. Prezident Əliyev də oraya gəldi və emosional cəhətdən nə hisslər keçirdiyini təsvir etdi. Mən də bu qədər dağıntını gördükdə, eyni dərəcədə ağır emosional vəziyyət keçirdim. Bu, münaqişənin insanlara nəyə başa gəldiyini aydın göstərdi və məndə müzakirələr vasitəsilə razılığın əldə olunması istəyini daha da artırdı.
Metyu Brayza Azərbaycan prezidenti İlham Əliyevin Davosda ABŞ dövlət katibi Kondoliza Raysla görüşdə müzakirə olunan məsələləri şərh edərkən iki ölkənin olduqca mühüm sahələrdə əməkdaşlığını qeyd etdi:
- Biz bir çox vacib məsələni müzakirə edirik. Dağlıq Qarabağ Azərbaycan xalqı və hökuməti üçün ən ümdə məsələdir. Təbii ki, bu, gündəmdə əsas məsələdir. Bundan başqa, təhlükəsizlik sahəsində bir sıra məsələlərdə əməkdaşlıq aparırıq. Biz Azərbaycana İraq və Kosovoya hərbi qüvvə göndərdiyinə görə minnətdarıq. Biz təhlükəsizlik, xüsusilə də Xəzər dənizində sahil təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirməyə çalışırıq. Biz Azərbaycana sərhədlərini və enerji infrastrukturunu müdafiə etməyə yardım göstərmək üçün mümkün hər bir şeyi etmək istəyirik. Enerji sahəsində biz Azərbaycanla yaxından əməkdaşlıq edirik və qaz və neft təchizatının müxtəlifliyinə çalışan Azərbaycana Avropa üçün çox mühüm mənbə kimi baxırıq.
Sonda o, Azərbaycanda demokratiyanın inkişafı məsələsinə xüsusi diqqət verildiyini dedi. Onun sözlərinə görə, burada müsbət və mənfi elementlər var və ABŞ-ın diqqəti xüsusilə mətbuat azadlığı məsələsinə yönəlir.