Rəsmi Tbilisi Rusiyanı Gürcüstanın müstəqillik əldə etmək istəyən separatçı regionu Abxaziyaya qarşı sanksiyaların ləğvini tənqid edib. Bu gün bəyanat verən Gürcüstanın xarici işlər naziri rəsmi Moskvanın hərəkətini Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə müdaxilə kimi qiymətləndirib. Rusiya bu qərarını dünən bəyan etmişdi. Kreml bildirmişdi ki, rəsmi Moskva özünü daha 1996 –cı ildə MDB tərəfindən qəbul edilmiş sanksiyalar paktının şərtlərinə məsul hesab etmir. Bəyanat Rusiyanın Kosovonun müstəqilliyini elan etməsini diplomatik yollarla əngəlləməyə çalışmasının davamı kimi qiymətləndirilir. Kreml xəbərdarlıq etmışdi ki, Kosovonun müstəqilliyi Avropa və digər bölgələrdə separatçı hərəkatlara təsir göstərə bilər.