Accessibility links

ABŞ Konqresində Ermənistan seçkiləri haqda dinləmələr


Dinləməni giriş sözü ilə açan Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilatın Helsinki Komissiyasının sədri, floridalı konqresmen Elsi Heystinqz Ermənistanda son günlər cərəyan edən hadisələrdən dərin narahatlığını dilə gətirdi. O, qeyd etdi ki, ATƏT-in seçkiləri monitorinq qrupu Ermənistandakı prezident seçkilərinin əsasən beynəlxalq standardlara uyğun olması qənaətinə gəlib. Lakin səsvermədən və onun ardınca baş verən qanlı olaylar həmin ölkədə sabitliyə xələl gətirib. Nəticədə, cənab Heystinqzin sözlərinə görə erməni cəmiyyəti ikiyə - hökumət tərəfdarlarına və anti-hökumət qüvvələri arasında bölünüb.
Nyu Cersidən konqresmen Kristofer Smit uzun müddət erməni soyqırımı məsələsi üzərində çalışdığını və hazırda Ermənistanda baş verən prosesdən kədər duyduğunu söylədi. Onun sözlərinə görə, rəsmi Yerevanın toplaşma və söz azadlığına tətbiq etdiyi məhdudiyyətlər qəbuledilməzdir. Cənab Smit ABŞ hökumətini Ermənistan hakimiyyətindən insan haqları pozuntularına son qoymağı tələb etməyə səsləyib. O, həmçinin martın 4-də Dağlıq Qarabağda erməni və Azərbaycan qüvvələri arasındakı toqquşmadan dərin narahatlığını dilə gətirmiş və yaranmış situasiyadan çıxış yolları barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Metyu Brayzadan məsələyə aydınlıq gətirməyi xahiş etmişdir.

Öz çıxışında cənab Brayza ABŞ-ın Ermənistanla dost əlaqələr saxladığını və bu əməkdaşlığın əsasən 3 sahəni əhatə etdiyini bildirmişdir. Onun sözlərinə görə, Vaşinqton rəsmi Yerevanla təhlükəsizlik, regional iqtisadi əməkdaşlıq və demokratik isalahatlar istiqamətində ciddi əməkdaşlıq aparmaq niyyətindədir. Metyu Brayza Yerevanda baş verən hadisələri diqqətlə izlədiyini bildirmiş və seçkidə rəqib qismində çıxış edən tərəfləri dialoqa səsləmişdir. O, bildirib ki, ABŞ hökuməti martın əvvələrində baş verən qanlı olayları araşdırmaq üçün beynəlxalq təhqiqatın aparılmasına tərəfdardır. Cənab Brayza habelə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara toxunmuş və tərəflərin tezliklə sülhə yol açacaq əsas prinsiplər üzərində razılaşmaya gələ biləcəyinə ümid bəslədiyini bildirmişdir.

Bundan sonra panel üzvləri Mətyu Brayza ilə sorğu-sual aparmış və ondan ABŞ hökumətinin seçkilər, demokratik isalahatlar və Dağlıq Qarabağ münaqişəsi ilə mövqeyinə aydınlıq gətirməsini xahiş etmişlər. Metyu Brayzadan sonra Ermənistan prezidentinin müşaviri Vigen Sarkisyan və sabiq prezident Levon Ter-Petrosyanın sözçüsü Arman Qriqoryan qarşı mövqeləri əks etdirən arqumentlər təqdim etmişlər. Dinləməni son sözlə qapayan Elsi Heystinqz Ermənistanda xalqın maraqlarının və insan hüquqlarının qələbəsinə ümidini izahar etmişdir.

Əsgər Möhsümoğlu

XS
SM
MD
LG