Aprelin 9-da Vaşinqtondakı Rumi forumunda Corc Taun Universitetinin professoru Çarls Kinqin “Azadlığın İzi: Qafqazda İslam, sülh və müharibə” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə müəllif kitabında əsasən hansı məsələlərə toxunduğunu ictimaiyyətə çatdırıb.
Çarls Kinq, Corc Taun Universitetinin professoru olmaqla yanaşı, Şərqi Avropada, ictimai zorakılıqlar və etnik siyasətlər barədə mühazirələr oxuyur. Cənab Kinq həmçinin CNN, Milli İctimai Radio, BBC və s. bu kimi kanallarla əməkdaşlıq edir. O, təqdimatında bir ay əvvəl nəşr olunmuş “Azadlığın İzi: Qafqazda İslam, sülh və müharibə” kitabı haqqında danışıb.
Kitabının əsas mövzusunun Rusiyanın cənubu, Azərbaycan, Ermənistan və Gürcüstanın tarixi barədə olduğunu dilə gətirən professor, müsəlmanlıq və xrisianlıq arasında bu regionda mövcud olan sərhəddin yalnız dini cəhəti əks etdirmədiyini dedi. Onun sözlərinə görə, region tarix boyu rəqib imperiyalar - İran, Osmanlı və Rusiya imperiyalarının toqquşma nöqtəsi olub. Region bugünə kimi hələ də Şərq və Qərbin birləşdiyi sərhəd hesab olunur.
1991-ci ildə Qafqaz dağlarının cənubunda 3 müstəqil dövlət yarandığını bildirən natiq, bu ölkələr arasında qərb-şərq istiqamətində bölünmələrin də müşahidə olunduğunu vurğuladı. Onun sözlərinə görə, son günlərdə yayılan xəbərlərdən də görmək olar ki, ABŞ Gürcüstanın NATO-nun növbəti üzvü olmasına çalışır. Azərbaycan isə indiyədək NATO-ya üzvlüyə namizəd göstərilməsə də, Qərblə münasibətlərini gündən-günə gücləndirməkdədir. Buna Bakı-Tbilisi-Ceyhan, Bakı- Tbilisi- Erzurum neft-qaz boru kəmərləri də nümunə ola bilər. Professorun fikrincə, neft-qaz ehtiyatı olmayan Ermənistan isə, qərblə əlaqələrini diasporasının vasitəsilə inkişaf etdirir.
Alimin sözlərinə görə, kitab regionun 18-ci əsrdən indiyə qədərki tarixini əhatə edir: “Regionun tarixinə ümumilikdə baxanda bu, müharibə tarixinə oxşayır. Bəlkə də bəziləriniz Lezli Brençin məşhur Qafqaz lideri Şeyx Şamilin həyatı haqda olan “Cənnətin Xilaskarları” kitabını oxumusunuz. Və yaxud başqa bu kimi kitablara, misal üçün “Əli və Nino” romanına nəzər salsanız görəcəksiniz bunların hamısı münaqişə, müharibə meydanı və hərbi tarix barədədir.”
Xroniki ardıcıllıqla davam edərək 1940-cı illərdə Hitlerin Şimali Qafqazda etdiklərini xatırladan Çarlz Kinq, bu günə gəldikdə isə, Çeçenistan müharibəsi, regionlarda bu kimi müharibələrin genişlənməsinin mümkünlüyü, Azərbaycan-Ermənsitan, Gürcüstan-Abxaziya müharibələrini dilə gətirdi.
Professor başlıcaları azərbaycanlı, gürcü və erməni olmaqla regionda ən azı 17 etnik və linqvistik qrupun olduğunu bildirdi.
O qeyd etdi ki, ancaq əsas məsələ bu qrupların hissələrə bölünməsidir: “Bu xalqların çoxunda, musiqi stili, rəqs, milli geyim oxşardır. Onların uzun müddətdə sülh şəraitində yaşamaq təcrübəsi də var. Kitabın bir hissəsində isə bu uzunmüddətli sülhün nə məna kəsb etməsinə aydınlıq gətirilir”. Kitabda yer verilən başqa bir mövzu isə Sovet İttifaqının Qafqaz təcrübəsidir. O deyir ki, hətta Sovet İttifaqından əvvələ, 1860-cı illərə nəzər salsaq Rusiyanın Şimali Qafqazda yaşayan yarım milyona yaxın etnik xalqı Qara dəniz sahilinə köçürdüyünü görürük. Onun sözlərinə görə, Sovet İttifaqının regiona demoqrafik, mədəni və sosial təsiri də olub.
Kitabda bəhs edilən ən başlıca mövzunun regionda din olduğunu bildirən professor Rusiya, provaslav kilsəsinin islam dünyası əleyhinə getdiyinin müşahidə olunduğunu dilə gətirdi. Onun sözlərinə görə, regionun Çeçensitan kimi yerlərində müvvəqqəti də olsa belə bir tendensiya mövcuddur. Regionun tarixinə nəzər salan Carlz Kinq Şeyx Şamilə əlavə olaraq Hacı Muradın da Ruslara qarşı müqaviməti haqda məlumat verdi.
Daha sonra isə yazıçıya suallar ünvanlandı. Suallar içərəsində marağı cəlb edənlərdən biri belə idi: “1918-ci ildə nə üçün Britaniya imperiyası Qafqaz Respublikları konfederasiyasını tanımayıb?”
Kitabında 1918-21-ci illər tarixi haqda böyük bir hissənin olduğunu bildirən professor Çarlz Kinq suala belə cavab verdi: “Birinci Dünya müharibəsindən sonra orada ən azı 4 respublika müstəqilliyini elan etdi. Gürcüstan, Erməsnitan və Musavat partiyasının başçılığı altında Azərbaycan müstəqillik əldə edib. Bu, dünyada müstəqilliyini elan edən ilk müsəlman respublikası idi. Ancaq bunların heç biri tam olaraq tanınmadı. Azərbaycan və Gürcüstan de fakto tanınmışdı və bolşeviklər hakimiyyətə gəlməmişdən bir neçə həftə əvvəl tam olaraq tanındı. Fikrimcə bolşeviklər hərbi baxımdan güclü deyildilər. Və bu zaman Parisdə sülh danışıqları davam edirdi. Britaniyanın perspektivlərinə gəldikdə isə bu məsələlər onların başlıca maraqlarına daxil deyildi. Başlıca diqqət İraq, Fələstin və Osmanlı İmperiyasının digər hissələrində baş verən hadisələrə gönəlmişdi.”
Tədbirin sonunda isə professor Amerikanın səsinin hazırda regionda demokratiyanın vəziyyəti ilə bağlı sualını belə cavablandırdı: “Demokratiya müxtəlif mənaları verir. Əgər sadəcə olaraq azad və ədalətli seçkilərdən danışırsınızsa, fikrimcə hər 3 ölkənin ədalətli və şəffaf seçkilərin keçirilməsində böyük problemləri var. Təəssüf ki, Sovet İttifaqı dağılandan sonra nə bu 3 Qafqaz ölkəsində, nə də ki, Rusiyada azad seçki müşahidə olunmayıb. Hamı dəyişiklik gözləyir ancaq heç bir gözlənilməz nəticə qeydə alınmayıb.”
O deyir ki, bu gün regionda seçkilər əhalinin üzləşdiyi başlıca mübahisə olaraq qalır.
Emil Quliyev