Ötən Cümə axşamı prezidentliyə Demokrat namizədlər Hillari Klinton və Barak Obamanın teledebatı kəskin tonu ilə fərqləndi. Amerika mətbuatının yazdığına görə qarşıdan gələn seçkilərdə Demokrat partiyasının qələbəsinə ümid bəsləyənlər partiyadaxili qarşıdurmanın ümumilli səsverməyə göstərəcəyi təsirdən narahatlıq keçirirlər.
“Demokratlar bu prezident seçkilərini güdaza verməkdən ötrü əllərindən gələni edirlər,” deyə Nyu York Taymz-ın yazarı Bob Herbert öz məqaləsinə başlayır. “Bu, partiyanın təbii talantıdır və Demokratlar uduzmağın yolunu tapmaqda əsl istedad sahibidirlər.”
ABŞ tarixi boyunca Demokratların prezident seçkilərindəki göstəricilərinə nəzər yetirən Herbert bir sıra mühüm məqamlara diqqət cəlb edir. Onun fikrincə malik olduqları siyasi dividentlərdən istifadə etmək əvəzinə bir çox hallarda Demokratlar bir-birini hədəfə almaqla və kampaniya gedişatında kobud səhvlərə yol verməklə seçkini əldən verirlər. Buna misal olaraq o, 1980-ci ildə ikinci dönəm prezidentliyə seçilə bilməyən Cimmi Karteri, seks ittihamları ilə bağlı qalmaqallarla üzləşən Bill Klintonun hakimiyyət dönəmini və bunun Əl Qorun prezidenlitk şanslarına endirdiyi zərbəni misal göstərir.
“İndi 2008-ci ildir. Məntiqlə vahid Demokrat partiyası bu seçkiləri asanlıqla udmalıdır. Iqtisadiyyat bərbad vəziyyətdəir. Respublikaçılar döyüş ruhunu itiriblər. Və ölkə Demokratrı prezident seçmək istəyir,” deyə Herbert yazır. Lakin Demokratlar bu imkanlardan istifadə etmək əvəzinə, onların arasında şiddətli mübarizə gedir. Klintonlar partiyanın aparıcı namizədi olan Barak Obamanın şansalarını tar-mar etməkdədir. Bill Klinton isə bu növ hərəkətləri siyasətçinin bərkiməsinin vacibliyi ilə əsaslandırır. Obama isə bir vaxtlar seçiciləri riqqətə gətirən mesajından kənar düşüb və cürbəcür qalmaqallara üzləşir. Keşişi Ceremaya Raytın anti-Amerika şüarları, pencəyinin yaxasında Amerika bayrağı nişanını asmaması və rəqibi Hillari Klintonun hücum kampaniyası Amerika seçicilərində belə bir təsəvvür yaratmağa yönəlib ki, Obama Amerikalıları bir xalq kimi təmsil etmir və zəifdir.
Bob Herbertin fikrincə bunlara sinə gərərək Demokratı Ağ Evdə oturtmaq üçün səsvermə prosesinə yeni seçicilər cəlb edilməli, namizədin mesajı cilalanlmalı və partiya bir namizəd ətrafında sıx birləşməlidir.
Demokart namizədlər arasında mübarizənin Obamaya Amerika siyasəti haqda ciddi dərslər öyrətdiyini deyən Kolbert Kinq Vaşinqton Postda yazır: “Hillari Klinton bu kampaniya ərzində Obamaya birinci mühüm dərsi öyrətdi: Düşmənimin düşməni mənim dostumdur.” Bu səbəbdən də Hillari Klinton Obamaya qarşı mübarizədinə Respublikaçılarla eyni cbhədən çıxış etməkdən çəkinmədi. İkinci dərs isə MakKartiizmə əl atmaq oldu ki, burada Kllinton Obamanı tanıdığı şəxslər fonunda seçicilərə təqdim etməyə başladı. Belə bir təsəvvür yarandı ki, Obamanın siyasi dünyagörüşü təmas qurduğu radikalların baxışları ilə oxşardır. 3-cü mühüm dərs isə ondan ibarət oldu ki, Afro-Amerikalının prezidentliyə layiqliyi sual altına qoyulmağa başladı. Amerika tarixində dərin köklərə malik olan bu ənənələri Kolbert Kinq Barak Obamanın prezidentlik şanslarına ciddi maneə kimi dəyərləndirir.