Senator Hillari Klinton Demokrat Partiyasından rəqibi Barak Obamanı debata səsləyib. Bu çağırış namizədlərin İndiana ştatında qızğın mübariə apardıqları vaxta təsadüf edir.
Həm nümayəndələr, həm də ümumxalq səslərin sayına görə Klinton Obamadan geridə qalır. Mayın 6-da İndiana və Şimali Karolina ştatlarında keçiriləcək praymeri ərəfəsində Hillari Klinton rəqibinə təzyiq göstərməkdə davam edir.
“Ümid edirəm ki, biz burada İndianada Linkoln-Daqlas stilində bir debat keçirəcəyik ki, siz kimin prezidentliyə layiq olduğunu görəsiniz,” deyə xanım Klinton bildirib.
Bu debat stili adını 1858-ci ildə İlinoy ştatında ABŞ Senatına namizədlər Abraham Linkoln və Stefen Daqlas arasında hər tərəfin arqumentlə çıxış etməsinə şərait yaradan debatdan götürüb.
Obamanın kampaniya müşavirləri debat təklifini nəzərdən keçirirlər. Obama şikayət edir ki, Aprelin 16-da keçirilən sonuncu debat başlıca siyasi məsəslələri bir kənara qoyaraq xırda məsələlər üzərində cəmləşmişdi.
Klinton İndiananın South Bend şəhərində izdiham qarşısında deyib ki, o, daha çox mahiyyətə fikir verdiyi halda, Obama stilə və formaya arxalanır.
Anderson şəhərindəki nümayişdə isə Barak Obama bu tənqidləri cavablandırıb.
“Mən siyasi xal qazanmaq xatirinə adamlarla vuruşmaq istəmirəm. Əgər mən kimləsə vuruşacağamsa, onda bu, Amerika xalqı və onun ehtiyacları uğrunda olacq. Mən səhiyyə xidmətləri uğrunda vuruşacağam. Mən yaxşı təhsil sistemi uğrunda vuruşacağam. Mən yaxşı iş yerləri və yaxşı maaşlar uğrunda vuruşacağam. Mən vuruşacağam ki, Amerika təhlükəsiz olsun,” deyə Obama bildirib.
Rəy sorğuları göstərir ki, Obama Şimali Karolinada iri üstünlüyə malikdir, lakin İndianada Demokrat rəqiblər bərabərdirlər. Respublikaçı namizəd Con Makkeyn Şənbə günü kampaniya törəni keçirməyib. Cümə günü o, Arkanzasda sabiq qubernator və bir vaxtlar prezidenlyə namizədlikdə rəqibi olmuş Mayk Hakabi ilə birgə çıxış edib.