Accessibility links

Ramiz Mehdiyev ABŞ prezidentinin bəyanatına etirazını bildirib


Azərbaycan Prezident Apparatının rəhbəri Ramiz Mehdiyev ABŞ prezidenti Corc Buşun bəyanatı ilə razı olmadığını bildirib. Bəyanatda Azərbaycanın adı Çin, Kuba, Birma və İranla birlikdə mətbuat azadlığı sahəsində vəziyyətin ən pis olduğu ölkələr sırasında çəkilib. "Hesab edirəm ki, Corc Buşun bəyanatı yanlış məlumata əsaslanıb. Bir az əvvəl ABŞ Dövlət katibi Kondoliza Rays da oxşar fikir bildirib. Onun bəyanatı da qeyri-ciddidir", - deyə Mehdiyev Turan agentliyinin Corc Buşun 2 may tarixli bəyanatı haqda sualına cavab verərkən bildirib.
"Belə çıxır ki, Gürcüstanda, Ermənistanda bütün ictimai-siyasi məsələlər həll edilib, Azərbaycan isə geridə qalmış ölkədir? Deməli, Azərbaycanda fevral-mart aylarında Ermənistanda baş verənlərə bənzər hadisələr baş verməlidir ki, Kondoliza Rays müsbət fikir bildirsin? Mən bu bəyanatı qeyri-ciddi sayıram", - deyə Mehdiyev bildirib.
Bu mövqeyə hansı səbəb olması ilə bağlı suala cavabda Mehdiyev bildirib ki, "hər dəfə seçkilər öncəsi müxtəlif beynəlxalq təşkilatlar, xarici qüvvələr Azərbaycana müəyyən təzyiq göstərmək istəyirlər". "Bu, müəyyən məqsədlərə əsaslanır, lakin Azərbaycan öz yolu ilə gedir. Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edir. Seçkilərə gəldikdə isə, bir daha bildirirəm ki, seçkilər normal, demokratik, şəffaf şəraitdə keçiriləcək", - deyə Mehdiyev bildirib. Bir anlıq düşünərək, o əlavə edib ki, "bu seçkilər hələ Azərbaycan tarixində görünməmiş demokratik şəraitdə keçiriləcək".
ABŞ-ın Azərbaycanda prezident seçkilərinə 3,2 milyon dollar ayırmasına gəldikdə isə, Mehdiyev bunu "Azərbaycanın xarici işlərinə qarışmaq" kimi qiymətləndirib. Onun fikrincə, nə ABŞ, nə Böyük Britaniya Azərbaycan və ya başqa dövlətə öz ölkələrində seçkilərə qarışmağa və onları maliyyələşdirməyə imkan verməzdi. "Niyə belə şeylər burada olmalıdır? Mən bunu normal hesab etmirəm", - deyə Mehdiyev bildirib.
Həbsdə olan jurnalistlər məsələsinə toxunan Mehdiyev qeyd edib ki, yaxın zamanda əfv və ya amnistiya gözləməyə dəyməz. "Ən azından, prezident apparatında belə təkliflər yoxdur", - deyə Mehdiyev bildirib.
O həmçinin Azərbaycanda söz azadlığı sahəsində vəziyyətin yaxşı olduğunu bildirib. Mətbuat inkişaf edir və 1993-95-ci illərlə müqayisədə söz və mətbuat azadlığı "geniş yayılıb". Buna görə, mətbuatın vəziyyətinin pisləşməsi haqqında bütün deyilənlər də Azərbaycana təzyiq formalarından biridir.
Seçki Məcəlləsinə düzəlişlər layihəsi haqqında məsələyə toxunan Mehdiyev bildirib ki, bu gün sənəd parlamentə təqdim ediləcək. Mehdiyev təkrar edib ki, məcəlləyə yalnız texniki xarakterli dəyişikliklər ediləcək.
Azərbaycanda rəngli inqilabın mümkünlüyü haqqında suala cavabda Mehdiyev bildirib ki, "bəlkə kiminsə belə planı var". "Amma Azərbaycan çox güclü dövlətdir və heç kim ölkənin inkişafına mane ola bilməz", - deyə Mehdiyev bildirib.
O, həmçinin bildirib ki, hakim "Yeni Azərbaycan" partiyası seçkilərə monolit güclə gedir və heç kimin buna şübhəsi olmamalıdır.
Regionlarda çörək qıtlığı yaranması haqda məlumatlara münasibət bildirən Mehdiyev bunu "cəfəngiyyat" adlandırıb. Onun fikrincə, bu məlumatlar Azərbaycanda sabitliyin pozulmasına, əhalinin narahatlığına səbəb olmağa yönəlib.
Azərbaycanda kifayət qədər ərzaq var. Hökumət tədbirlər görür və ərzaq qıtlığı nə bu il, nə də gələn il olmayacaq", - deyə Mehdiyev söhbətinə yekun vurub.
XS
SM
MD
LG