İraqın radikal şiə ruhanisi Möqtəda Əl-Sədrin müavini deyir ki, hərəkat Bağdaddın Sədr hissəsində hökumət qüvvələri ilə atəşkəsə nail olub. Yardımçı atəşkəs haqda məlumatı bu gün Nəcəf şəhərində bəyan edib. Salah əl-Obeydinin sözlərinə görə, razılıq bazar günündən qüvvəyə minəcək. Mart ayında İraq baş naziri Nuri Əl-Maliki şiə yaraqlılara qarşı hücumlara başlanmasına sərəncam verəndən sonra Sədr şəhərində döyüşlər intensivləşmişdi. Nəticədə yüzlərlə insan həlak olub. Son zorakılıqlar zamanı, dünən Sədr şəhərindən şiə yaraqlılarla ABŞ qüvvələri arasında baş verən döyüş nəticəsində uşaq və qadın daxil edilməklə 13 nəfərin öldüyü, 77 nəfərin isə yaralandığı bildirilir.