Qərbi Virciniya ştatında seçicilər bu gün prezident seçkisindən öncə ştatda keçirilən praymeridə səs verirlər. Demokrat partiyasından prezidentliyə namizədlər Barak Obama və Hillari Klinton dünən ştatda kampaniya aparıblar. Senator Klintonun bugünkü ilkin seçkidə qələbə çalacağı gözlənilir. Lakin cəmi 28 nümayəndənin təmsil olunduğu Qərbi Virciniyada qələbənin ümumilikdə Klintonun kampaniyasına böyük təsir göstərməyəcəyi deyilir. Barak Obama həm nümayəndələr, həm də super nümayəndələrin sayına görə Hillari Klintondan irəlidə gedir.
Avqust ayında Kolorado ştatının Denver şəhərində partiya qurultayında namizədlərdən birinə səs verəcək partiya və seçkili rəsmilər olan super nümayəndələrin dəstəyini qazanmadan nominasiya almaq mümkün deyil.
Qərbi Virciniyadan sonra Demokrat namizədlər mübarizəni daha beş ştatda davam etdirəcəklər. Bunlar Kentukki, Oreqon, Puerto Riko, Montana və Cənubi Dakota ştatlarıdır.
Bu arada, ABŞ prezidendliyinə respublikaçı namizəd Con Makkeyn dünən Oreqon ştatında kampaniyasını davam etdirərək, iqlim dəyişikliyi məsələsindən danışmışdır.