Livan prezidenti Mişel Süleyman bu gün vəzifəsinə başlayıb. 18 ay davam edən siyasi böhrandan sonra ölkənin yeni prezidentinin görəcəyi ilk iş milli birlik yaradılması olacaq. Bu prezident sarayına daxil olarkən cənab Süleyman 21 top atəşi ilə alqışlanıb. Xatırladaq ki, Livan parlamenti tərəfindən noyabr ayından boş qalan prezident vəzifəsinə ordu generalı Mişel Süleyman dünən seçilib. Mişel Süleyman bu həftə Hizbullahın başçılıq etdiyi və veto hüququna malik olan müxalifətin iştirakı ilə birlik hökuməti yaratmalıdır. Livan parlamenti 19 dəfə səsvermə keçirsə də, dövlət başçısının seçilməsi cəhdləri baş tutmurdu. Mişel Süleyman vətəndaş müharibəsindən hələ də dirçələ bilməyən ölkədə birlik yaradan bir şəxs kimi tanınırdı. 59 yaşlı xristian general 1998-ci ildən Livanın silahlı qüvvələrinin komandiri idi.