Vaşinqtonda Azərbaycan Cümhuriyyətinin 90 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edən ABŞ Dövlət katibinin yardımçısı Metyu Brayza Amerikanın səsi ilə söhbətində Azərbaycanın Birləşmiş Ştatlar və region üçün əhəmiyyətindən danışıb.
Metyu Brayza: "Vaşinqtonda çox adam bilir ki, Azərbaycanın enerji, habelə Avropanın nef və qaz təminatının diversifikasiysında rolu baxımından böyük əhəmiyyəti var. Azərbaycanın təhlükəsizlik baxımından əhəmiyyəti də bir çoxları üçün aydındır. Amma Azərbaycanın demokratiya, dünyəvi dövlət olması və qanunun aliliyi prinsipləri baxımından nə qədər böyük əhəmiyyət daşıdığı hamıya bəlli deyil. Əslində Azərbaycan dünyanın bu hissəsində Türkiyə Cümhuriyyətindən öncə şərqdə ilk dünyəvi demokratik dövlət olmuşdur. Bu, strateji baxımdan əhəmiyyətin əsas faktorudur. ABŞ-Azərbaycan əməkdaşlığında Dağlıq Qarabağdan başqa, Azərbaycanın özünün malik olduğu demokratik ənənələri gücləndirmək üçün mümkün hər bir şeyi etməkdən önəmli məsələ yoxdur."
Metyu Brayza Minsk qrupu prosesi çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin Sank Peterburq görüşündən gözləntilərlə bağlı sualı cavablandırıb.
Metyu Brayza: "Mən həm Azərbaycan, həm Ermənistanın yüksək səviyyəli rəsmilərilə görüşlər keçirmək üçün Moskva və Sankt-Peterburqa səfərə çıxmağımdan qürur duyuram. Bu məqamda prezidentlərin Sank-Peterburqda iyunun 7-i görüşündən gözləntilər odur ki, onlar bir-birilə tanış olub istədikləri mövzuda danışa bilmək şansı əldə edirlər. Bu, prezidentlərin görüşüdür. Mənim müşahidəm odur ki, Ermənistanın yeni Xarici İşlər naziri və bizim çox əziz dostumuz Xarici İşlər naziri Elmar Məmmədyarov bizim bir ay bundan əvvəl Strasburqda birgə görüşümüzdə çox yaxşı ünsiyyət qura biliblər. Buna görə mən ümid edirəm ki, bu, bizim son il Minsk qrupu prosesində hiss etdiyimiz irəliləyiş nöqtəsinin qayıtması ola bilər. Mənim dediklərimdən başqa nəyisə gözləmək çətindir, çünki biz prezidentlərin bir-birilə necə ünsiyyət quracağını bilmirik."