Accessibility links

ABŞ Dövlət Departamenti: Azərbaycanda insan hüquqları pozulur


ABŞ Dövlət Departamenti bu həftə dünya ölkələrində azadlıq və demokratiyanın vəziyyətinə dair illik hesabatını açıqlayıb. Hesabatın birinci hissəsində Azərbaycan haqda qısa xülasə verən Departament ölkədə prezident idarə üsulunun mövcudluğunu və prezidentin ölkədəki bütün hakimiyyət qollarına nəzarət etdiyini qeyd edir. Sənəddə hökumətin insan hüquqları sahəsində göstəricilərinin pis olaraq qaldığı və bəzi məqamlarda daha da pisləşdiyi bildirilir. Hökumət 2005-ci ilin parlament seçkiləri zamanı və ondan sonra insanların sərbəst toplaşmaq hüquqlarını məhdudlaşdırıb. 2007-ci ildə polis və hərbi nəzarətdə saxlanılan adamlardan 4-ü işgəncə və döyülmə nəticəsində vəfat edib. Ölkənin təhlükəsizlik qüvvələri cəzasızlıq mühitində fəaliyyət göstərirlər. Hökumətə müxalif düşüncəli şəxslərin arbitrar qaydada həbsi və saxlanması davam edir. Hökumət insanları siyasi motivlərlə həbs edir və ölkənin hüquq mühafizə orqanları korrupsiyaya uğrayıb. Toplaşıma və söz azadlığına qoyulan məhdudiyyətlər sərtləşdirilib. Hesabatda həmçinni qadınlara qarşı zorakılıq halları və qaçaqmalçılıq problüminin mövcudluğu qeyd olunur.

Dövlət Departamenti ABŞ hökumətinin Azərbaycanın demokratik inkişafına yardım edəcəyini bəyan edərək bu köməyin başlıca olaraq 5 sektoru əhatə edəcəyini bildirib. Bunlar demokratik siyasi proseslər, qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə, insan hüquqlarına və fundamental hüquqlara hörmət, media azadlığının qorunması kimi sahələrdir. ABŞ hökuməti Azərbaycanda müstəqil mediaya basqıların azaldılması və bu ilin ikinci yarısında keçiriləcək prezident seçkilərinin demokratik keçirilməsi yönümündə çalışacağını bildirir.

2006-cı ildən bəri ABŞ hökumətinin rəsmi siyasəti hökumətlə dialoq vasitəsilə hədəflərə yetişmək olub. Demokratik islahatların həyata keçirilməsində dialoq Vaşinqton başlıca siyasi vasitəsidir, deyə hesabatda vurğulanır. Bu dialoqa həmçinin sivil cəmiyyətin və media nümayəndələri ilə mütəmadi görüşlər və təmaslar da daxildir. ABŞ-ın Azərbaycandakı səfiri də daxil omaqla bir sıra ABŞ rəsmiləri tez-tez Azərbaycan rəsmiləri ilə görüşlər keçirir və demokratiya-insan hüquqları ilə bağlı narahatlılqlarını onlarla bölüşürlər.

Bütün səviyyərlərdə keçirilən görüşlərdə ABŞ rəsmiləri media azadlığının , o cümlədən diffamasiyanın dekriminallaşdırılmasının alternativ münaqişə həlli yolları tapılmasının mühümlüyünü önə çəkirlər. Bu baxımdan ABŞ hökuməti jurnalistlərin böhtan və ya başqa maddələrlə həbsə atılmasından narahatdır. Hesabatda Monitor jurnalının redaktoru Elmar Hüseynovu qətlə yetirmiş şəxslərin həbsinə və jurnalistlərə fiziki hücumlara son qoyulmasına çağırılır. Hesabatrın sonunda ABŞ hökumətinin qarşıda duran problemləri həll etmək üçün hökumət və sivil cəmiyyət nümayəndələri ilə birgə əməkdaşlığa hazırlığı vurğulanır.

XS
SM
MD
LG