İsrail fələstinlilərin Həmas yaraqlı qrupu ilə Qəzza Zolağında atəşkəsə razılıq verib. İsrailin müdafiə rəsmisi Amos Gilad bu gün bildirib ki, bu razılığa Misir vasitəçiləri ilə Qahirədə keçirilən danışıqlardan sonra gəlinib. Həmas və Misrin rəsmiləri isə bu barədə məlumatı bir gün əvvəl açıqlamışlar. Razılığa əsasən Həmas və fələstinli digər yaraqlı dəstələr İsrailə qarşı raket hücumlarını dayandıracaq, bunun qarşılığında İsrail Qəzza Zolağında hərbi əməliyyatlarını dayandıracaq. İsrail eləcə də atəşkəs razılığından üç gün sonra bu ərazilərə daha çox gediş-gəlişə icazə verəcəyini bildirib.