Rusiyanın Tatarıstan respublikasının prezidenti regional qubernatorların seçilməsi üçün birbaşa seçkilərə çağırıb. Kreml hökumətinin yerli rəsmiləri müəyyən etməsi əhalini öz nümayəndələrini seçmək huququndan məhrum edir.
Rusiya qəzetlərinin məlumatına görə, Tatarıstanın veteran prezidenti Mintimer Şaymiyev şənbə günü ölkə mətbuatına deyib ki, Moskva regional qubernatorların seçilməsi üçün yerli seçkilər keçirməlidir. Bu bəyanat sabiq prezident Vladimir Putinin 2004-cü il qubernatorların Kreml tərəfindən təyin etməsi barədə qərarının əleyhinə çıxır.
Tatarıstanın paytaxtı Kazandan danışan müstəqil politoloq Vladimir Bilayev deyir ki, respublikanın bəzi şəxsləri yerli tatar qaydalarını qorumaq üçün birbaşa seçkilərə çağırır. Onun sözlərinə görə, başqaları həmçinin demokratik prinsiplər səbəbilə birbaşa seçkiləri dəstəkləyir.
Ancaq analitik deyir ki, cənab Şaymiyev demokratiyaya elə də əsaslanmayıb. Bilayevin sözlərinə görə, ölkənin yeni prezidenti Dmitri Medvedev Tatarıstanın durğun iqtisadiyyatını dirçəltmək üçün respublikaya yeni gənc lider təyin etmək istəyir: "Bu, mərkəzi hakimiyyətin xoşuna gəlmir, ona görə də idarəçiliyi komputer, nanotexnologiya barədə bilən texnokratlarla gəncləşdirmək isyətir. Tatarıstanın yerli elitası isə qorxur ki, Moskva hakimiyyəti onların əlindən almaqla iqtisadi statusa da yiyələnəcək."
Şaymiyev 1991-ci ildən Tatarıstana rəhbərlik edir.
Sabiq prezident Vladimir Putin 4 il əvvəl Beslan hadisəsindən sonra yerli əhalinin qubernatorları seçməsinə son qoymuşdu. Addım tədris ilinin ilk günü sentyabrın 1-i çeçenlərin başçılıq etdiyi terrorçuların çoxu uşaqlar olmaqla 300-dən çox girovu öldürməsindən sonra atılmışdı.
Cənab Putinin qərarı Kreml rəsmilərinə təkcə regional qubernatorları təyin etmək imkanı vermirdi, onlara həmçinin təyinatı təsdiq etməyən yerli parlamenti buraxmaq üstünlüyü həvalə edirdi. Vladimir Bilayev deyir ki, cənab Putin Beslandan regional elitalara nəzarəti ələ keçirmək üçün bəhanə kimi istifadə edib.
Moskvanın Karneqi Mərkəzinin politoloqu Aleksey Malaşenkonun sözlərinə görə, cənab Putinin adi insanların siyasi proseslərdə iştirakının qarşısını almaq addımı səhv idi. Malaşenko Amerikanın səsinə bildirib ki, Şaymiyev bu səhvi düzəltməyə çalışır. O vurğulayır ki, Rusiyanın iki lideri var – prezident və baş nazir və Şamiyevin bunlardan hansına müraciət etməsi önəmli məsələlərdəndir.
"Korrespondent" qəzeti adını açıqlamayan Kreml rəsmisinə istinadən bildirib ki, mərkəzi hakimiyyət qubernatorun seçilməsi üçün birbaşa səsvermənin keçirilməsini nəzərdən keçirməyi rədd etməyəcək, ancaq guman ki bu, yaxın gələcəkdə baş verməyəcək. Prezident Medvedevin mövqeyinə toxunan rəsmi onun birbaşa seçkilərin əleyhinə olmadığını bildirib.