İsrail və fələstinlilərin Həmas yaraqlı qrupu arasında bağlanan atəşkəs razılığı bu gün səhər Qəzza Zolağında qüvvəyə minib. Buna baxmayaraq hər iki tərəfin liderləri razılaşmanın saxlanmasına şübhə ilə yanaşırlar. İsrailin baş naziri Ehud Olmert atəşkəsi "zəif" adlandırıb və bunun qısa müddətli olacağı barədə narahatlığını bildirib. Saziş qüvvəyə minməmişdən qısa bir müddət əvvəl atəşkəsin zəifliyi özünü büruzə verib. Belə ki, İsrail qüvvələri Qəzza Zolağında bir fələstinli yaraqlını öldürmüşlər. Saziş qüvvəyə minəndən sonra isə İsrail ordusu bildirib ki, fələstinli balıqçıların Qəza şəhərinin su sərhədlərini keçdiyi üçün hərbi gəmi xəbərdarlıq atəşi açıb.