Accessibility links

İsrail Qəzzanın blokadasını yüngülləşdirib


İsrail keçən cümə axşamı Misrin vasitəçiliyilə Həmasla əldə edilən atəşkəs haqda razılığa əsasən, Həmasın nəzarətində olan Qəzzə zolağına tətbiq etdiyi blokadanı yüngülləşdirib.

Bu gün ərzaq malları və digər ləvazımatla dolu 90 yük maşını Sufa sərhəddindən Qəzza zolağına yola düşüb. Atəşkəs müqaviləsindən öncə gündə 60- 70 yük maşını Qəzza zolağına yük daşıyırdı. Bu gün də süd, meyvə və tərəvəzlə dolu yüklər daşınıb. Bununla yanaşı, sement kimi tikinti materialları da Qəzzaya göndərilib. İsrail tikinti materiallarının Qəzza zolağına göndərilməsinə qadağa qoymuşdu.

İsrail hökumətinin sözçüsü Mark Reqev deyib:"Ümid edirəm ki, sakitlik davam edəcək və siz Qəzza zolağına tətbiq edilən sanksiyaların tədricən yüngülləşdiriləcəyini görəcəksiniz."

Bir il öncə Həmas rəqibi olan mötədil Fətah təşkilatı ilə apardığı vətəndaş müharibəsi nəticəsində Qəzza zolağının nəzarətini öz əlinə keçirdikdən sonra, İsrail Həmasa qarşı sanksiyalar tətbiq etmişdi.

Mark Reqev deyir ki, İsrail Həmasın iki il öncə girov götürdüyü İsrail əsgəri Gilad Şaliti azad etməyənə qədər Qəzza sərhəddi açmayacaq.

Həmasın yüksək vəzifəli rəsmisi Mahmud Əl Zahar bildirir ki, fələstinlilər Şalit məsələsilə əlaqədar yeni təklifləri müzakirə etməyə hazırdırlar. Həmas 375 fələstinli məhbusun İsrail əsgəri Gilad ilə dəyişdirilməsini təklif edir.

XS
SM
MD
LG