Zimbabvedə şahidlər deyir ki, hakim
partiya yaraqlıları prezident Robert Muqabenin yeganə namizəd olduğu sabahkı
seçkilərdə iştirak etmələri barədə əhaliyə xəbərdarlıq edib.Jurnalistlər və
şahidlərin Amerikanın səsinə bildirdiyinə görə, Muqabe tərəfdarı yaraqlılar
bildirib ki, əhalinin seçkidə iştirak edib-etməməsini öyrənmək üçün onların
barmaqları yoxlanacaq. Məlumatlara görə yaraqlılar səsverməyə qatılmayacaq
insanları döyməklə təhdid edirlər. Bu arada Zimbabve rəsmilərinin sözlərinə
görə, müxalifət lideri Morqan Tsvanqirayın namizədliyini geri götürməsinə və
beynəlxalq ictimaiyyətin seçkilərin təxira salınması çağırışlarına baxmayaraq
ikinci raund prezident seçkiləri planlaşdırıldığı kimi cümə günü keçiriləcək.