Pakistan və İran qaçaqmalçılıq və terrorizmlə mübarizə əməkdaşlığına dair razılıq əldə edib. Pakistanın Daxili İşlər Nazirliyinin rəsmisi Rəhman Malik iranlı həmkarı Mehdi Haşemi ilə bu gün İslamabadda birgə stretegiyanın detallarını müzakirə edib. Rəhman Maliki müxbirlərlə söhbət zamanı deyib ki, tərəflər yanacaq qacaqmalçılığı və terroristlərin hərəkətinə mane olunması məqsədi ilə sərhəd bölgələrdə xüsusi məntəqələr açacaq. O, həmçinin İran və Pakistanın təriqətlərarası fikir ayrılıqlarının aradan qaldırılması üçün ruhani nümayəndələrdən ibarət komitə təsis ediləcəyini deyib. Pakistan rəsmisi bildirib ki, ölkələr arasında axtarışda olan cinayətkarların mübadiləsi barədə də razılıq əldə edilib.