ABŞ dövlət katibi
Kondoliza Rays Gürcüstan məsələsi barədə Avropa Birliyi və NATO liderləri ilə
danışıqlar aparmaq üçün bu gün Brüsselə yola düşür. Dövlət Departamenti dünən
bildirib ki, xanım Rays Avropa Birliyi Xarici Siyasət Komissiyasının rəhbəri
Havier Solana, xarici əlaqələr üzrə komissar Benita Ferrero-Valdner və Fransa
xarici işlər naziri Bernard Kuçnerlə görüşməyi planlaşdırır. Sabah isə ABŞ
dövlət katibi NATO xarici işlər nazirlərinin Brüssel toplantısında iştirak
edəcək. Dövlət Departamentinin açıqlamasına görə, xanım Rays daha sonra
Varşavaya səfər edərək Polşada ABŞ-ın raket tutan qurğusunun quraşdırılması
haqda razılığa imza atacaq. İki ölkə bu məsələni son 18 ayda müzakirə edib.
Rusiya bu sazişin qəti şəkildə əleyhinədir.