Accessibility links

Metyu Brayza: ‘Ərazi bütövlüyü prinsipi birinci növbədə gəlir’


Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar ərazi bütövlüyü və müqəddəratın təyini prinsiplərini nəzərdə tutan kompromislərə əsaslanıb.
Bu barədə Amerika dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Metyu Brayza avqustun 19-da Vaşinqtondakı Xarici Mətbuat Mərkəzində çıxışı zamanı məlumat verib.
O deyib ki, ərazi bütövlüyü prinsipi birinci növbədə gəlir.
"Amma əgər hər iki tərəf beynəlxalq prinsiplərin başqa elementlərini də əhatə edən kompromislərə getsələr, bu, əla olardı. Biz elə Qarabağda bunu etmək istəyirik".
Cənab Brayza deyib ki, danışıqlar nəticəsində elə bir həll tapılmalıdır ki, hər iki prinsipi nəzərdə tutsun.
Dövlət katibinin yardımçısı bir daha vurğulayıb ki, Kosovo ilə Qafqazdakı münaqişələr arasında paralellər aparmaq əsassızdır.
Cənab Brayza deyib ki, Rusiya Gürcüstandaki son hərəkətləri ilə özünün beynəlxalq icmadakı imicinə böyük zərbə vurdu. Və indi Moskvanın atəşkəs razılığına əməl etmək, qoşunları geri çəkmək və münaqişə zonasına çəkilməklə imicini düzəltmək imkanı var.
"Biz Rusiya ilə əməkdaşlıq etmək istəyirik, amma Rusiya əməkdaşlığın qaydalarına, özü də Amerika tərəfindən deyil, beynəlxalq ictimaiyyət tərəfindən müəyyənləşdirilmiş qaydalarına riayət etməlidir", - deyib Metyu Brayza.
Onun sözlərinə görə, Amerika Gürcüstanda azadlıq və sülhün tərəfdarı kimi bu məqsədi sonadək həyata keçirməyə çalışacaq. Brayza Gürcüstana müdaxilə və onun demokratik seçilmiş prezidentini devirmək cəhdini "axmaq qərar" adlandırıb.
Amerika rəsmisi deyib ki, münaqişənin həlli üçün bu günlərdə NATO, ABŞ və Avropa arasında gedən danışıqlar diplomatiyanın gücünün bir nümunəsi idi.
"Diplomatiya öz işini gördü və bu ABŞ-Avropa Birliyi əməkdaşlığı sayəsində mümkün oldu. Bizim siyasətimiz bu idi ki, insan haqları institutları, xarici jurnalistlər, sivil cəmiyyət nümayəndələri arasında həmrəylik yaradaraq müdaxiləni geri çevirə bilərik. Gürcüstanın liderləri prezident Buş və dövlət katibi Raysın və əlbəttə ki, fransızların yardımı ilə danışıqlara başladılar, atəşkəs oldu", - deyə dövlət katibinin yardımçısı qeyd edib.
Brayza daha sonra vurğulayıb ki, bu, hələ son deyil, bundan sonra ziyanın bərpası, hərbi və cinayətkar əməliyyatlar aparan və insanları qətlə yetirənlərin mühakiməsi məsələsi durur.
Amerika rəsmisi bu arada Türkiyə hökumətinin təşəbbüsü ilə Qafqaz İttifaqının yaradılması barədə aparılan müzakirələrdən təəccübünü gizlətməyərək, bu barədə məlumatsız olduğunu vurğulayıb. Bunula belə, o. Vaşinqtonla Ankara arasında Qafqaz mövzusunda sıx əməkdaşlığın davam etdiyini bildirib.

XS
SM
MD
LG